“Fulbright”lı nazir “BİRİNCİ” olmaq istəyir? – Emin Əmrullayevdən Ramiz Mehdiyevlə Eldar Mahmudova MİLYONLUQ TENDER JESTİ

media-hightechnic-468x90

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi, dünyanın ən tanınmış təhsil–mübadilə proqramlarından biri olan “Fulbright” təqaüdü dünyadan mühabisəli təqaüdlərdən sayılır. Bu təqaüdü alan siyasətçilərin “təhlükəli” olması ilə bağlı iddialar, əsasən, ABŞ-nin yumşaq güc strategiyası kontekstində izah olunur.

“Fulbright” rəsmi olaraq akademik və mədəni mübadilə proqramı kimi təqdim edilsə də, tənqidçilər bunu ABŞ-nin müxtəlif ölkələrdə gələcək elita və qərarvericilərə uzunmüddətli təsir aləti kimi dəyərləndirirlər. Bu yanaşmaya görə, proqramın hədəfi yalnız təhsil vermək deyil, həm də müəyyən siyasi-düşüncə çərçivəsini, liberal-demokratik dəyərləri, Qərbyönümlü xarici siyasət baxışını və ABŞ-yə rəğbəti gücləndirməkdir.

Bu iddiaların mərkəzində belə bir məntiq dayanır: “Fulbright” və bənzəri proqramlarla ABŞ-da təhsil alanlar həm intellektual, həm dünyagörüşü, həm də şəbəkə baxımından Qərb sisteminə inteqrasiya olunurlar. Sonradan həmin şəxslər öz ölkələrində nazir, deputat və ya hansısa tanınmış şəxs kimi önə çıxanda ölkə daxilində qərarların formalaşmasına artıq bu baxış bucağından təsir göstərirlər. Tənqidçilər deyir ki, bu insanlar milli maraqlarla Qərbin, xüsusilə də ABŞ-nin maraqları toqquşanda çox vaxt “kompromis” adı altında Qərbin lehinə daha yumşaq, daha güzəştə meyilli mövqe tuturlar. Bəzi post-sovet və Şərqi Avropa ölkələrində, həmçinin Latın Amerikası və Yaxın Şərqdə “Fulbright”, Soros, “Chevening” və oxşar proqramların keçmiş məzunlarının sonradan islahatçı, liberal və ya Qərbyönümlü siyasi düşərgələrdə cəmləşməsi də bu arqumentə nümunə kimi göstərilir.

Tənqidçilər “Fulbright”çı siyasətçiləri “milliləşmiş kadr” yox, “qloballaşmış kadr” kimi təsvir edirlər. Onların fikrincə, bu insanlar qərar verəndə daxili ictimai təzyiqdən çox, beynəlxalq imic, Qərb institutlarının rəyi və xarici partnyorların mövqeyi haqqında düşünürlər. Bu da milli suverenlik, strateji istiqamət, geopolitik balans kimi məsələlərdə ölkəni daha asan şəkildə xarici təsirə açıq hala gətirir.

Burada ABŞ xeyrinə casusluqdan daha çox, təsir agenti olmaları ehtimalı daha yerinə düşər. Yəni bu insanlar özləri, bəlkə də, heç vaxt birbaşa əməkdaşlıq etmir, lakin ABŞ dövlət strukturları üçün həmin ölkə cəmiyyəti, siyasi klanlar, elita içi münasibətlər, zəif nöqtələr və potensial tərəfdaşlar haqqında çox dəyərli, həm də “filtrdən keçmiş”, etibarlı informasiya mənbəyinə çevrilirlər. Bir sözlə, kimsə şüurlu şəkildə işləməsə belə, ideoloji və sosial baxımdan artıq o sistemin bir parçası olur.

Azərbaycanın hakim elitasında “Fulbright” Xarici Tələbə Proqramının məzunu elm və təhsil naziri Emin Əmrullayevdir.

Bunu Əmrullayev tərcümeyi-halında göstərməsə də, təhsil naziri təyin olunduğu gün ABŞ səfirliyi öz rəsmi səhifəsindən açıqlamışdı.

Türkiyə Prezidentinin guya Əmrullayevə “prezident oldun?” deməsi mesajının cəmiyyətə ötürülməsi, nazirin son aylardakı lazımlı-lazımsız aktivliyi, bütün təbəqələrə xitab etmək istəyi, sosial mediada müstəqil kadr imicinin yaradılması bəzi şübhələrə yol açır. Emin Əmrullayev hara oynayır? Yoxsa ona “Azərbaycanın Saakaşvilisi” olma yolunda addımla mesajı verilib? Cənab Əmrullayevin addımları isə Saakaşvilidən çox, 2004-2005-ci illərin iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırladır. O dövrü xatırlayanlar Fərhad Əliyevin mediada özünü necə apardığını bilirlər. Müxalif jurnalistlərlə belə nazirlikdə görüşlər keçirib bütün qüvvələrə “göy muncuq” dağıdırdı. Eləcə də Emin Əmrullayevin də fəaliyyəti o dövrdə yaşananları xatırladır.

Nəzərə alsaq ki, Əmrullayevlə bağlı ilkin təəssürat özündən əvvəlki nazirlərin əmanətçisi idisə, bu gün universitetləri belə sələflərindən fərqli olaraq özünə tabe etmiş, akademiyanı belə özü ilə hesablaşmağa məcbur edən, təhsil sektorunda “yumşaq güc” ilə hakimi-mütləq olan bir nazir var qarşımızda. Yəni qarşımızda 2020-ci ilin Emin Əmrullayevi yoxdur.

O gün qarşımızda bir bürokrat var idisə, bu gün publikaya oynayan bir siyasi füqurla qarşı-qarşıyayıq. Hakimiyyətin digər gücləri ilə arasını yaxşı tutan, hətta iqtidarda olmayan güc mərkəzlərini də özündən razı salan bir Emin Əmrullayevlə üz-üzəyik.

Belə ki, hər il Ramiz Mehdiyevin oğluna məxsus “Şərq-Qərb” mətbəəsinə bir neçə milyon qazandıran Emin Əmrullayev bu il də o jesti etməyi unutmayıb.

Rəsmi məlumata görə, 7–9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı tenderin qalibi “Şərq‑Qərb” ASC seçilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilən bu müqavilənin dəyəri 2 milyon 535 min 277 manat təşkil edir. Ötən il isə eyni kateqoriya üzrə şirkətə öncə 3.835.112 AZN, daha sonra 427 min 240,24 manat məbləğində sifariş verildiyi qeyd olunur.

Rəsmi reyestr məlumatlarına görə, “Şərq‑Qərb” ASC-nin səhmlərinin 96 faizi Mehdiyev Teymur Ramiz oğluna məxsusdur. Mehdiyev Teymur Ramiz oğlunun qeydiyyat ünvanı Bakı şəhəri, İstiqlaliyyat küçəsi, ev 9, mənzil 31 göstərilir. Həmin ünvanda Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev də qeydiyyatdadır. Bu fakt şirkətin benefisiar sahibliyi ilə ölkənin uzun illər ən güclü siyasi fiqurlarından biri sayılan Ramiz Mehdiyev arasında dolaylı əlaqə ehtimalını gücləndirir.

Əmrullayev təkcə Mehdiyevə jest etməyib. Onun jesti ilə sevinənlər arasında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov da var. Ona məxsus olduğu iddia olunan “İndigo” mətbəəsi də bu il nə az nə çox, tam 767.738 AZN məbləğində olan tenderi qazanıb.

Qısacası, Emin Əmrullayev təkcə sosial mediada boy göstərmir, sabiqlərlə də arasını yaxşı tutmağa çalışır. Baş nazirlik iddiasındadır, yoxsa ən birinci olmaq niyyətindədir? Bu aktivliyin pərdəarxasında nə var? Nəzərə alsaq ki, nazirin keçmişində FETÖ-dən Sorosa qədər yox yoxdur, bu barədə düşünməyə dəyər…

Camal Cavanşir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa