İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündən NƏ GÖZLƏYƏK?

media-hightechnic-468x90

“Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında həm işğal, həm də ondan sonrakı dövrdə görüşlər keçirilib. Torpaqlarımız azad edildikdən bu yana da müəyyən təmaslar olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

media-1579290479_dsc00752

O, xatırladıb ki, 2016-cı ildə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında “Sülh Platforması” adlı təşəbbüs irəli sürülmüşdü:

“Hətta 2017-ci ildə həmin platformanın qurultayı keçirilmişdi. Həmsədr və təsisçiləri var idi. Ümumilikdə isə 30 illik işğal dövründə də bu kimi təmaslar olurdu. Onlar adətən üçüncü ölkədə bir araya gəlib, müzakirələr aparırdılar. Vətən müharibəsindən sonra da belə təmaslar baş tuturdu. Bu, xalq diplomatiyası nümunəsidir. Görüşlərin nəticəsi isə Ermənistan vətəndaş cəmiyyətinin reallıqları nə dərəcədə qəbul etməsindən asılı olacaq. Torpaqlarımız işğal altında olanda qarşı tərəfdə belə bir fikir formalaşmışdı ki, onsuz da Azərbaycan torpaqları onların nəzarətindədir və biz hər şeylə barışmalıyıq. Lakin hazırda yeni reallıqlar var və bunları erməni tərəfi qəbul etməlidir. Çünki sülhdən fayda qazanacaq tərəflərdən biri də rəsmi İrəvan olacaq.”

Qeyd edək ki, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək. Məlumata görə, müzakirələrdə digər mövzularla yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün yekunları üzrə müəyyən edilmiş gündəm məsələləri, iki ölkənin cəmiyyəti arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı üçün mümkün yollar, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Ekspert bildirib ki, əgər erməni vətəndaş cəmiyyətinin nümayəndələri öz ölkəsinin əhalisini sülhə hazırlamaq kimi üzərlərinə missiya götürəcəklərsə, görüşlərin nəticələri olacaq:

“Ermənistan cəmiyyətində anti-Azərbaycan ovqatının aradan qaldırılmasına ehtiyac var. Bunun da həll olması üçün maarifləndirmə sistemi düzgün təşkil olunmalıdır. Burada vətəndaş cəmiyyətlərinin üzərinə böyük yük düşür.

Rəşad Bayramov vurğulayıb ki, maarifləndirmə işləri konkret siyasi tələblər istiqamətində getməlidir:

“Xüsusən də Vaşinqton görüşündə razılaşdırılmış məsələlər istiqamətində Azərbaycanın tələblərinə dair ictimai rəyin hazırlanmasına ehtiyac var. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılması istiqamətində təbliğat, maarifləndirmə işləri görülməlidir. Qeyd etdiyim kimi, bu reallıqların dərk edilməsi onlar üçün prioritet hesab edilməlidir. Bu baş verəcəksə, ortaq əlaqələr və mövqeyin formalaşması üçün imkanlar yaranacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa