Deputat: "BƏƏ ilə münasibətlər hərtərəfli strateji tərəfdaşlıq mərhələsinə keçib"

media-hightechnic-468x90

“BƏƏ Azərbaycanla birgə Cənubi Qafqazda sülhün bərqərar olması və iqtisadi dəhlizlərin inkişafında ortaq maraqlara malikdir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, Prezident İlham Əliyevin BƏƏ-yə səfərini ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi çərçivəsində şərh edib.

Deputat bildirib ki, qlobal ziddiyyətlərin dərinləşdiyi, sülh və sabitliyə təhlükələrin artdığı bir dövrdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və keçirdiyi görüşlər ölkələrimiz arasında münasibətlərin tam yeni mərhələsi və geosiyasi təhdidlərə qarşı birgə fəaliyyət formatı hesab oluna bilər.

“İlk növbədə, işgüzar səfər olmasına baxmayaraq, Prezident İlham Əliyevin Əbu-Dabi hava limanında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən şəxsən qarşılanması iki lider arasındakı şəxsi dostluğu və yüksək etimadı simvolizə etməklə bərabər, Azərbaycanın BƏƏ-nin xarici siyasət prioritetlərindəki xüsusi yerini göstərir.

Eyni zamanda, sirr deyil ki, BƏƏ ilə münasibətlər Azərbaycanın ‘Şərq siyasəti’ndə mühüm bir həlqədir. Ölkələrimiz arasında əməkdaşlıq, demək olar ki, bütün sahələri əhatə edir. Səfər çərçivəsində cənab İlham Əliyevin Prezident Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə də ifadə olunduğu kimi; siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlıq tərəflərdə məmnunluq doğurur.

Paralel olaraq, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin uğurla başa çatması, iki ölkə ordusu arasında operativ hərbi uyğunluğun inkişafına töhfə vermək iradəsinin ifadə olunması, habelə “Cənub Qaz Dəhlizi”QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin BƏƏ-nin XRG şirkətinə satılması münasibətlərin artıq strateji tərəfdaşlıqdan faktiki “hərtərəfli strateji tərəfdaşlıq”  mərhələsinə keçdiyini nümayiş etdirir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin böyük artım tempi də prosesin kifayət qədər uğurlu dinamikasından xəbər verir.

Səbəb isə çox sadədir: Azərbaycan və BƏƏ münaqişələrin həllində dialoq modelini dəstəkləyirlər. Regionda investor kimi rolunu artırmaqda olan BƏƏ Azərbaycanla birgə Cənubi Qafqazda sülhün bərqərar olması və iqtisadi dəhlizlərin inkişafında ortaq maraqlara malikdir. Həmçinin hər iki ölkənin post-neft dövrünə hazırlıq və yüksək texnologiyalara əsaslanan iqtisadi model qurmaq vizyonu tam üst-üstə düşür. Bakı və Əbu-Dabi arasında formalaşan bu model həm enerji asılılığından uzaqlaşaraq texnologiya, investisiya və logistika üzərində qurulan yeni tipli strateji ittifaq, həm də mümkün təhlükəsizlik təhdidlərinə qarşı perspektivli tərəfdaşlıqdır.

Qeyd olunanlar fonunda əminliklə demək mümkündür ki, bu, sadəcə sıradan bir səfər yaxud dövlət başçıları arasında növbəti bir görüş deyil, həm də ölkələrimiz arasında bütün sferaları əhatə edən müsbət dinamikanı qorumağa xidmət edən tarixi hadisədir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05