"XXI əsrin yeni silahı": Kuba ABŞ-ın geosiyasi tələsində – TƏHLİL

media-hightechnic-468x90

“Kuba faciənin bir addımlığındadır”

Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-whatsapp-image-2026-05-14-at-12-34-21

Politoloq ABŞ-ın sərt sanksiyaları fonunda Kubanın kritik duruma düşdüyünü və ölkədə sosial partlayış riskinin maksimuma çatdığını qeyd edib:

“Kuba ətrafında yaranan son enerji böhranı sadəcə iqtisadi çətinlik deyil, bu, son dərəcə ciddi geosiyasi əhəmiyyətə malik hadisədir. Bu, real həyəcan təbilidir. Əgər dərhal təsirli addımlar atılmasa, göz görə-görə böyük bir faciə yaşanacaq. ABŞ vəziyyəti bilərəkdən bu həddə çatdırdı. Vaşinqtonun tətbiq etdiyi enerji blokadası nəticəsində ölkənin dizel və mazut ehtiyatlarının tükənməsi göstərir ki, enerji XXI əsrdə klassik siyasi təzyiq vasitəsinə çevrilib. Vaşinqtonun ardıcıl addımları Havana hakimiyyətini iqtisadi baxımdan çökdürməyə, daxili sosial narazılığı pik həddə çatdıraraq partlayış effekti yaratmağa hesablanıb. Bu isə siyasi dəyişikliklər üçün əlverişli mühit formalaşdırmaq məqsədi daşıyır.

Hazırkı durum sanksiyaların hədəfində təkcə dövlət təsisatlarının deyil, birbaşa əhalinin gündəlik həyatının dayandığını sübut edir. Elektrik enerjisinin uzunmüddətli kəsilməsi, nəqliyyat və səhiyyə sistemində yaranan iflic sosial gərginliyi daha da alovlandırır. Kubada yeni etiraz dalğalarının yaranması riski getdikcə artır. ABŞ məhz bu daxili təzyiq rıçaqları vasitəsilə Havana üzərindəki siyasi təsir imkanlarını genişləndirməyə çalışır”.

Fəlsəfə doktoru vurğulayıb ki, Kubanın bu vəziyyətə sürüklənməsinin digər səbəbi qlobal güclərin liderlik uğrunda apardığı mübarizədir:

“Prosesdə regional və qlobal güclərin də maraqları kəsişir. Bir tərəfdən ABŞ Karib hövzəsində öz dominantlığını qorumağa çalışır, digər tərəfdən Rusiya və müəyyən mənada Çin Kubanı ABŞ-ın təsirinə qarşı mühüm geosiyasi dayaq kimi görür. Bu baxımdan Havanadakı böhranı təkcə ikitərəfli ABŞ–Kuba müstəvisində deyil, qlobal rəqabətin bir komponenti kimi qiymətləndirmək lazımdır. Mövcud böhran Kubanın uzun illərdir davam edən struktur-iqtisadi problemlərini də çılpaqlığı ilə üzə çıxartdı. Xarici enerji asılılığı, köhnəlmiş infrastruktur və məhdud iqtisadi diversifikasiya Kubanı sanksiyalar qarşısında kövrək hala gətirib. Bir daha sübut olunur ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin birbaşa mərkəzində dayanır və dövlətin siyasi dayanıqlığının əsas komponentidir”.

Ş. Həsənova sonda bildirib ki, Havana hakimiyyəti hazırda çətin seçim qarşısındadır: ya təslim olmaq, ya da tam iqtisadi çöküş:

“Yekun olaraq qeyd edə bilərik ki, Kubada yaranan enerji böhranı beynəlxalq münasibətlər sistemində enerji resurslarına nəzarətin və logistika marşrutlarının nə qədər güclü silah olduğunu göstərdi. ABŞ-ın bu sərt təzyiq siyasəti yaxın perspektivdə Havana hakimiyyətini daha kritik sosial və iqtisadi sınaqlarla üz-üzə qoyacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05