!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

76 yaşlı türkiyəli iş adamına qarşı İNANILMAZ RƏZALƏT: “Başıma açdıqlarının çoxunu deməyə utanıram” – VİDEO

!Reklam – Yazi

Azərbaycana milyonlarla dollar sərmayə yatıran türkiyəli iş adamı Ali Bayram Abdurahman oğlu irimiqyaslı dələduzluğa məruz qalıb.

Düşdüyü çətin vəziyyətlə əlaqədar Yenicag.az-a üz tutan Ali Bayram Abdurahman oğlu ölkənin müvafiq hüquq-mühafizə orqanlarını fəaliyyətsizlikdə suçlayaraq, illərdir çözülməyən probleminin həll üçün Azərbaycan və Türkiyə prezidentlərinə müraciət etmək məcburiyyətində qaldığını deyir.

Ali Bayram Abdurahman oğlunun sözlərinə görə, Azərbaycana təqribən 15 il əvvəl gəlib və dağ-mədən sektorunda iş qurmaq imkanlarını araşdırdıqdan sonra bu sferada fəaliyyət göstərməyə qərar verib. Araşdırma çərçivəsində əlaqə yaratdığı bəzi şəxslər onu əvvəllər bu sektorda işləyən və müəyyən təcrübəsi olduğu deyilən Yusif Məmmədovla tanış ediblər.

İş adamı bildirib ki, zəruri sifarişlərin verilməsi məqsədilə Məmmədova ilkin olaraq 50 min dollar versə də, tərəfdaşı hər dəfə müxtəlif bəhanələr gətirərək, malların ona çatdırılmasını təmin etməyib. Vəziyyətin bu həddə çatdığını görən Ali Bayram Abdurahman oğlu işlərin davam etdirilməsi üçün bir hissəsinin Yusif Məmmədovun işlətdiyi “Pinqvin” sexini icarəyə götürüb. Daha sonra sexin sahibi Hüseyn və Yusiflə anlaşaraq, ərazini tam olaraq icarəyə götürüb.

Yusiflə şərikli qaydada işlərin nizamlanmasının ardınca Afrikada qızılayırma işləri ilə məşğul olan Vaqif adlı şəxsdən 600 min dollar dəyərində sifariş alıb. Bu sifarişin vaxtında icra edilməsi üçün Ali Bayram Abdurahman oğlu öz işinə fasilə verib və o məqsədlə aldığı 50 min dollarlıq material da sexdə qalıb.

Vaqifin sifarişi üzərində işlər davam edərkən Ələddin adlı iş adamından 1,8 milyon dollar həcmində yeni sifariş qəbul edilir. Sifarişlərin artması səbəbindən sexdəki işçilərin sayı da çoxaldılaraq 54 nəfərə çatdırılır. Düşünmək olardı ki, sex artıq tam “rels”ə oturub və bundan sonra alınacaq sifarəişlər sayəsində işi daha da genişləndirmək üşün əlavə imkanlar yaranacaq. Lakin Ali Bayram Abdurahman oğlu qeyd edir ki, bu gözləntisi “elə beşiyindəcə boğulub”.

Onun sözlərinə görə, Yusif oğlunun Almaniyadan Azərbaycana iri həcmdə maşın təkəri göndərməyə hazırlaşdığını və bu iş baş tutmadığı üçün 150 min dollar borca düşdüyünü deyib. Yusifin xahişi ilə Ali Bayram Abdurahman oğlu əllərindəki 400 min dolların 150 minini ona verib. Əldə qalan 250 min dolları isə Yusifin təklifi ilə onun evində saxlamağı qərar alıblar. Yusif həmin puldan Ali Bayram Abdurahman oğluna cəmi 30 min dollar verib. Yerdəqalan məbləği isə xanımının “ondan xəbərsiz” oğluna göndərdiyini iddia edib.

Bundan sonra türkiyəli iş adamı ilə Yusifin münasibətləri xeyli korlanıb. Hətta iş o həddə çatıb ki, Yusifin oğlu Anar kriminal avtoritet kimi tanıtdığı Elmidar adlı şəxslə yuxarıda bəhs olunan sexə gələrək, oranın şəriki olduğunu deyərək, “Sənin burada nə işin var, get Türkiyədə işlə” sözləri ilə Ali Bayram Abdurahman oğlunu təhdid edib və oradakı dəzgahlara əl qoyub.

İş adamının sözlərinə görə, onun sexdə olmadığı günlərin birində Anarla Elmidar oraya gələrək dava-dalaş imitasiyası ediblər. Ali bəyin oğlu Caner onları aralamağa çalışarkən Elmidar onu vurub. Caner bununla bağlı polisə gedərək şikayət etsə də, iş adamı həyatlarına təhdid olduğu üçün oğlunun şikayətini geri götürmək məcburiyyətində qalıb.

Ali Bayram Abdurahman oğlu qeyd edib ki, ona məxsus olan ümumi dəyəri 632 min 400 dollar olan və “Pinqvin” sexində qalan avadanlıqlar Yusif Məmmədov tərəfindəm mənimsənilib. Lakin iş adamının dəfələrlə etdiyi səmimi tərzdə müraciətlərinə baxmayaraq, Yusif nə avadanlıqları, nə də onların pulunu türkiyəli iş adamına qaytarmayıb.

Ali Bayram Abdurahman oğlunun bildirdiyinə görə, adları çəkilən şəxslərin ona qarşı törətdikləri dələduzluq nəticəsində ümumilikdə 3 milyon 156 min 900 dollar məbləğində maddi zərərə məruz qalıb və həmin vəsaiti hələ də geri ala bilmir. Çox təəccüblü və maraqlı məqamlardan biri də budur ki, Ali Bayram Abdurahman oğlunun hüquqlarını bərpa məqsədilə müraciət etdiyi müvafiq hüquq-mühafizə orqanları da bu işə yetərincə diqqətlə yanaşmırlar.

İş adamnın bildirdiyinə görə, bu işlə əlaqədar baş tutan hüquqi prosedurlardan sonra Bakı şəhəri Xətai rayon prokuriru Sərdar İmanov tərəfindən çıxarılmış 20 dekabr 2022-ci il tarixli Qərara əsasən, Xətai Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi Mehbalıyev Səbuhi Sabir oğlu tərəfindən istintaq olunmuş Azərbaycan Respublikası CM-nin 182.3.2-ci və 221.1-ci maddələri ilə başlanılmış 130116162 saylı cinayət işinə xitam verilməsi barədə 13 dekabr 2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş, cinayət işi üzrə əlavə istintaq aparılması Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib:

“Qeyd edilən cinayət işi Məmmədov Yusif Hüseyn oğlunun (Ali Bayram Abdurahman oğlunun yuxarıda adı keçən şəriki – red.) şikayəti ilə Əlverdiyev Elmidar Fərruxoğluna qarşı mənimlə Yusif Məmmədova məxsus dəzgahları, mülkümüzü ələ keçirməsi ilə əlaqədar qaldırılıb. Bildirirəm ki, uzun müddətdir, şikayətlər etsəm də, müraciətlərimə baxılmayıb, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində heç bir iş görülməyib.

Bu işdə Xətai RPİ İstintaq Şəbəsinin müstəntiqi Mehbalıyev Səbuhi Sabir oğlu və müstəntiq Məmmədağa Əhmədovun rolu var. Bu müstəntiqlər çalışıblar ki, təqsirləndirilən şəxslər məsuliyyətdən kənar qalsınlar. Belə ki, bu müstəntiqlər vaxtında lazımi istintaq hərəkətləri etməyərək, qarşı tərəfin xeyrinə hərəkətlər ediblər.

Mən cinayət işinin obyektiv və doğru-düzgün aparılmasını dəfələrlə tələb etsəm də, onlar mənim müraciətlərimə baxmayıblar. Bunun əksinə hərəkət ediblər. Məmmədağa Əhmədov mənim ifadəm alındıqdan sonra bilmədiyim sənədlərə mənim rizam olmadan imza etdirdi. Mən onun aldığı ifadə, yaxud ifadələrini qəbul etmirəm. Çünki o, saxta yollarla sənəd toplayaraq qarşı tərəfi müdafiə edib.

Bildirirəm ki, Elmidar dəzgahlarımı və pullarımı əvvəl mənim, sonra da Yusifin əlindən aldı. Lakin bu hadisə heç bir yerdə qeyd edilməyib. Bu isə Məmmədağa Əhmədovun bu işdə qərəzli olduğunu göstərir.

Mən Məmmədağa Əhmədovdan xahiş etdim ki, onun adında olan əmlaka həbs qoysun. Lakin M.Əhmədov qarşı tərəfə bildirdikdən sonra malları yoxa çıxarıb. Yusif, oğlu Anar və Elmidar bu işdə əlbirdirlər. Mən onların hamısından şikayətçiyəm.

Bundan başqa, yeni müstəntiq Ülvi müəllim mənə bildirib ki, yuxarıda adları qeyd edilən şəxslərin təqsirliliyi ilə bağlı maddələri kənara buraxaq, yəni ittihamlardan kənar edək. Mən isə onunla razı deyləm. Belə ki, dələduzlar layiqli olaraq məsuliyyətə cəlb edilməlidirlər.

Yuxarıda qeyd edilənlərə əsasən, bu müstəntiqlər barəsində tədbir görülməsini, habelə cinayətkar qrupun üzvləri olan bu şəxslərdə olan əmlaka, pullara həbs qoyularaq mənə verilməsinə yardım etməyinizi xahiş edirəm”.

Ali Bayram Abdurahman oğlu üzləşdiyi bu haqsızlıqlardan çox təsirlənərək, öz timsalında Türkiyə vətəndaşına qardaş ölkə sayılan Azərbaycanda göstərilən bu ədalətsizliyə bir anlam verə bilmir.

76 yaşlı iş adamı deyir ki, başına gətirilən bu oyunların çoxunu danışmağa utanır. Haqqını sona qədər qorumaqda qətiyyətli olan Ali Bayram Abdurahman oğlu ona qarşı haqsızlığa son qoyulmayacağı təqdirdə, Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edəcəyini bildirib.

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv