Dövlət içinə yerləşdirilən camaat simpatizanları… gizli görüş mərkəzləri …
Gülənin keçmiş maliyyə qaynaqlarından biri Ərdoğanı dəstəkləyincə, SOCAR tərəfindən necə cəzalandırıldı?
Yeni bir dünya. Yeni bir nəsil. Həm də qızıldan. 1970-80-ci illərdə Nur Camaatı arasında özünə tərəfdar toplayaraq, müstəqilliyini elan etməyə hazırlaşan Fətullah Gülənin istifadə etdiyi sehrli söz “Qızıl nəsil” idi. O, ömrünü “qızıl nəsil” yetişdirməyə həsr etdiyini söyləyirdı. Qurtuluşun “qızıl nəsil”in yetişməsi ilə olacağı nağılı ilə Anadolu insanını müflisləşdirən, bütün mal-mülklərini bu liseylərin, dərsxanaların fəaliyyətinin davamı üçün xərclədən Gülənin əsl məqsədi alternativ bir nəsil yetişdirmək idi.
Gülən və SOCAR rəhbərliyinin ortaq qızıl marağı
Fətullah Gülənin qızıla marağı sadəcə insanlarla məhdudlaşmırdı. Bir müddət öncə dünyadakı qızılın yüzdə 95-nin istehsal edildiyi 50 ölkədən 48-də məktəb açan Gülən bu ölkələrdəki qızıl mədənlərini də satmaq üçün vasitəçilik etməsi üzə çıxdı.
Uqanda, Laos, Burundi, Papua Yeni Givineya, Mali kimi maddi durumu yaxşı olmayan ölkələrlə yanaşı ABŞ və Çin kimi zəngin ölkələrdə də məktəblər açan Gülən Şəbəkəsi həm də qızıl və brilliant marşrutunun keçdiyi ölkələrdə məktəblər açması diqqətləri cəlb edir. Bu durum addımbaşı “qızıl nəsil” yetişdirdiklərini bildirən və ABŞ-dakı ən böyük vəqfinin adı “Golden Generation” (Qızıl Nəsil) olan Gülən şəbəkəsinin qızıla marağının haradan qaynaqlandığı sualını meydana çıxardı.
Nə qədər qəribədə olsa, Gülənin Azərbaycandakı emissarlarının da qızıla münasibəti olduqca müsbətdir. Haqlı olaraq sual meydana çıxa bilər ki, qızılı kim sevməz ki? Doğrudur, amma bu sevgi digərlərinə bənzəməz. Belə olmasaydı, SOCAR şefinin vazkeçilməz müavini Xalık Məmmədovun ən sevimli hədiyyələri qızıl məmulatları olmazdı.Özlərinin aldıqları deyil, hədiyyə verdikləri də qızıldandır.
Mövzuya gəlincə, Gülən sadəcə Türkiyədə “qızıl nəsil” yetişdirmək niyyətində deyildi. Hədəfində olan bütün ölkələrdə ona bağlı, Camaatdan gələn bütün əmrləri qeydsiz-şərtsiz yerinə yetirən bir nəsil yetişdirmək üçün qollarını çirmələmişdi…
Bunun üçün Türkiyədə 1980-ci ildən bəri yetişdirməyə başladığı nəsildən sonra 1990-cı illərdən etibarən də Azərbaycan, Qazaxıstan kimi türk cümhuriyyətlərində özünə bağlı insan yetişdirilməsinə start verdi. Türkiyəyə oxumağa göndərilən gənclər arasından da seçimlər edən Gülən Camaatı cibində beş manat pulu olmaya-olmaya, Azərbaycana investisiya qoymağa gələn iş adamları vasitəsi ilə Hörümçək Torunun təməllərini atdı.
Bəli, yanlış oxumadınız. Bu gün Facebook və digər sosial şəbəkələrdə Azərbaycana meydan oxuyan səhifələr qurduran və bir gündə bir neçə min insanı ayağa qaldırıb, daha sonra etdikləri səhvi anlayıb, həmin səhifəni bağladan Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin Ümumtəhsil Müəssisələri Baş İdarəsinin rəisi Məsud Kurnaz, Ənvər Özeren və ya bu günün ünlü türk iş adamları Bakıya gəldikləri günü xatırlayırlarmı? Dövlətə meydan oxuyan və nə hikmətsə, Məsud Kurnazın qısa zaman sonra “bağlada bildiyi” Facebook səhifəsindən Azərbaycan hakimiyyətinə qarşı çıxanlar 90-cı illəri nə tez unutdular? Bəli, biz çətin zamanlar yaşayırdıq. Müstəqilliyini yenicə əldə etmiş, torpaqlarında müharibə gedən bir ölkə idik. Ancaq bura gələnlərin də heç də hamısı Azərbaycanı xilas etməyə gələn ünlü iş adamları deyildi. Əllərində sadəcə Türkiyə prezidentləri Turqut Özal və Süleyman Dəmirəlin məktubları olan bu gənclər Azərbaycanda çalışmaq istəyirdilər… Onlara burada yaşayıb, çalışma imkanı verilməsi istənilirdi və mərhum prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyev Türkiyə prezidentlərinin xahişlərini yerə salmadılar və Türkiyə adına ölkəmizə gələn bu gənclərə hər cür dəstək oldular. Bu gün Ənvər Özərən, Məsut Kurnaz, Bahri Topuz və ya digərləri məşhur iş adamı kimi təqdim olunurlarsa, bu Azərbaycanın onlara tanıdığı imkan sayəsində oldu.
Bəs onlar bunun qarşılığında nə etdilər? Özlərindən soruşsan, sağlam gələcək yetişdirdilər. Kimin üçün? Hansı dövlət üçün? Madam sağlam gələcək yetişdirdiniz, o zaman ikili oyunlar nəyə gərəkdir? Nə üçün daxildə bir, zahirdə başqa şəkildə görünüb, bunun adını da “tədbir” qoymaq nəyinizə lazımdır?
Gəncləri dərsdən sonra da məktəblərdə saxlayıb, ailə bağlarını qoparmaq, uşağın atasından çox Güləni sevməsinə şərait yaratmaq nə zamandan sağlam gələcək qurmaq oldu?
Şəbəkə Azərbaycançılıq ideologiyasına qarşıdır
Azərbaycan bu gün torpaqlarının çox az bir hissəsinə sahib olsa da, Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirən ortaq dəyərdir. Azərbaycançılıq ideologiyasının yaşını azaltmaq istəyənlər əslində bu ideologiyanı 86,6 min kv.m. ərazi ilə məhdudlaşdırmaq istəyənlərdir. Çünki bu ideologiyanı Ağqoyunlu Həsən Padşahsız, Qaraqoyunlu Sultanı Yusifsiz, Səfəvi Şah İsmayılsız təsəvvür etmək imkansızdır. Bəs Fətullah Gülən Şəbəkəsi hansı addımı atır? Özünü mövcud iqtidara yaxşı göstərib, gənc nəsil üçün yazdıqları dərsliklərlə isə cavanların beyinlərini zəhərləyirlər. Məsələn, “Çağ” Öyrətim İşlətmələrinin pedaqoji müşaviri Nazim Əkbərov illərdən bəri kitablarında Şah İsmayılı ana qatili kimi təqdim edir. Vaxtilə Naxçıvanın təhsil naziri olan bu şəxs məhz camaatın dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Həyat Bilgisi” fənni üzrə kurrikulumun milli məsləhətçisi təyin olunub – Misir Mərdanovun vaxtında…
Və bu şəxs Fətullah Gülən ilə görüşən azsaylı şəxslərdən biridir. Ayaz Mütəllibov dönəmində AXC heyətindən nazir seçilən Nazim Əkbərov 1994-cü ildən liseylərin işləri ilə məşğuldur. Mərhum Heydər Əliyev tərəfindən vəzifəsindən azad edildiyi gündən Gülən Şəbəkəsinin yanında çalışan N.Əkbərovun yaxınlarının hakimiyyətə qarşı aqressiyası ilə bağlı ilginc iddialar mövcuddur.
Gülənin kitablarını tərcümə edərək, bəzən açıq, bəzən də gizli şəkildə Azərbaycanda təbliğ edən Nazim Əkbərov Ənvər Özərənin bir sıra dövlət məmuru ilə əlaqələr qurmasında mühüm rol oynamışdır. Nazim Əkbərovun SOCAR-ın vitse-prezidenti Xalık Məmmədovla da isti münasibətləri olduğu deyilir.
N.Əkbərov Gülənin Azərbaycanda qurmaq istədiyi “Qızıl Nəsil” proyektinin başlıca aktyorlarından biri, beş əsas azərbaycanlıdan biridir. Və bu şəxs bəzən də “Fərrux Əkbərov” imzası ilə çıxış edir və Gülən ilə bağlı yazılarını bu imza ilə qələmə alır. Nazim Əkbərov son olaraq, 2013-cü ildə Gülənin yazılarını tərcümə edərək, “Çəyirdəkdən çinara” başlığı altında çap edib(“Çəyirdəkdən çinara” (M.Fəthullah Gülənin əsərləri əsasında), Bakı, “Xəzər” Nəşriyyatı, 2013, 208 səh).
Azərbaycandakı “Qızıl nəsil”ın işləkləri
Azərbaycanda ilk Gülən məktəblərini quran, Camaat adına bütün dövlətlərlə danışıqlar aparan Nurəddin Verən Fətullah Gülənin 35 illik uşaqlıq dostu idi. Lakin Camaatın Türk-İslam ideyası altında başqa niyyət daşıması, dövlət qurumlarında səssiz inqilaba çalışması onu 35 illik dostuna qarşı çıxardı. Onunla İstanbulda görüşərkən belə demişdi ki, “Biz Azərbaycanda 20 ildən sonrasını hədəfləyirdik. Çünki ilk “Hizmət”ə qoşulanların sovet təhsili görmələri bizim üçün mənfi əlamət idi. Onlar bizə qarşı nə qədər səmimi olsalar da, istər-istəməz bizim onlardan istədiklərimizi sorğu-sual edirdilər. Camaata isə verilən təlimata qeyd-şərtsiz itaət edən gənclər lazım idi və biz bu gəncləri yetişdirdik. Sıfırdan “Hizmət”də yetişən gənclərin hazırlığı isə ancaq 2010-cu ildən sonra yetişə bilərdi. O səbəbdən də Camaat bu illər ərzində nəyin bahasına olursa burada qalmalı və prossesin başa çatmasını gözləməli idi. Yalnız bizim istədiyimiz nəsil hazır olduqdan sonra bayrağı onlara buraxıb, dönə bilərlər”. Söhbət 2007-ci ildə, Gülənə bağlı gənclərin yavaş-yavaş özlərini göstərdikləri zamanda gedirdi.
SOCAR Gülən Şəbəkəsi ortaqlığı?
Güləni digər dini camaatlardan fərqləndirən siyasi maraqlarının olduqca güclü olması və gizli fəaliyyətə üstünlük verməsidir. Digər dini camaatlar özlərini gizlətməz və əslində açıq təbliğə üstünlük versələr də, Gülən camaatı yuxarıda da qeyd etdiyim kimi üzdə bir arxada isə tamamilə fərqli görünüşə sahibdirlər. Dövlət içində dövlət olmağa meyilli olan bu şəbəkə hər addımı atmağa hazır olsa da, atılan addımların cəzasını çəkmək şərtini qəbul etmək istəmir. Bu səbəbdən də, dövlətin əli ilə iş görsələr də, məsuliyyətin elə dövlətin üzərində qalıb, özlərinin “aydan arı, sudan duru” görünmələrinə çalışırlar. F.Gülənin dediyi kimi, “Dövlətin “püf” nöqtələrini ələ keçirin. Lakin elə hərəkət edin ki, dövlətin həssas qurumları oyanmasınlar”. Bu məsləhət Azərbaycanda o qədər ustalıqla həyata keçirildi ki, dünən əliboş Azərbaycana gələn camaat bu gün Azərbaycanın dünyadakı bir nömrəli markası SOCAR-la bərabərhüquqlu tərəfdaş kimi masaya oturdu.
Ancaq masada onlarla eyni masada oturan Xalık Məmmədov da Camaata uzaq şəxs deyildi. Camaat kateqoriyasına görə, simpatizan sayılan qrupda yer alan bu şəxs illərdən bəri bu şəbəkənin oyunlarına ortaq olub. Məhz bu səbəbdən də, SOCAR-ın Türkiyədəki yatırımlarının başına sözdə öz adamlarını, əsl həqiqətdə isə Gülən şagirdlərini gətirməsi təəccüblə qarşılanmamalıdır. Məsələn, SOCAR-ın maliyyə dəstəyi ilə Böyük Britaniyada oxuyan Orxan Seyidov bu gün PETKİM-də və SOCAR-Türkiyədə söz sahibidirsə, buna görə Camaat Xalık Məmmədova ancaq təşəkkür etməlidir. Qeyd edək ki, Orxan Seyidov Nyukasl Azərbaycan Tələbə Cəmiyyətinin sədri olarkən SOCAR-ın himayəsində olub və bütün layihələri məhz Xalık Məmmədovun dəstəyi ilə həyata keçirilib. Bu lahiyələrin şəffaflığı isə böyük sual altındadır.
Dövlət içində böyük şəbəkənin kodları…
Dövlət içində dövlət və ya Azərbaycan dövlətinin hər tərəfinə sızmış Camaat. Bunun adını necə qoymağımızdan asılı olmayaraq, dünən sadəcə ictimai sektorda olan Camaat bu gün dövlətin bütün mühüm qurumlarında təmsil olunurlar. Elnur Aslanovun deşifrə olunması ilə camaatın Azərbaycanda çökdüyünü düşünənlər çox yanılırlar. Çünki bu deşifrə onların özlərini bir qədər də artıq gizlətmələrindən başqa bir işə yaramamışdır. Dünən Elnur Aslanovun mövqeyindən güc alaraq, arxayın şəkildə hamıya meydan oxuyanlar bu gün “yatan hücrə”lərə çevrilməkdədirlər. Hətta Fərhad Məmmədov kimi Qafqaz Universitetinin professorunun Camaatın mövqeyini müdafiə etməsinə belə dəstək çıxmayan həmin “hücrələr” öz mövcudiyyətlərini qorumaq üçün çalışırlar.
Gizli görüş məkanları
Camaat əvvəl daha rahat olsa da, son prosseslər müəyyən yerlərdə görüşlər keçirmələrinə, başqa məkanlarda görünməmələrinə gətirib çıxarıb. Məsələn, öncələri əksər tədbirlərdə birlikdə poz verən gəncləri hazırda yalnız “Özsüt” və “Burc” kafelərində birlikdə görmək olar. Belə ki, Elnur Aslanovun da çox sevdiyi “Mado” müştəri potensialı yüksək olduğundan gözdən uzaq yerlər seçilir. Bunlardan biri “Gənclik”dəki “Özsüt” kafesidir.
Atatürk Parkının təmir olunan hissəsinin sonunda yerləşən kafe hazırda Camaat üzvlərinin ən başlıca toplanma yerlərindən biridir. Xəzər Televiziyasının direktoru Hüseyn Dinləməzin maliyyə yardımı ilə bu kafeni işlədən Sabir Niftəliyev Camaatın gəncləri arasında nüfuz sahibidir. “Özsüt”ün gizli görüş yeri olaraq seçilməsinin başlıca səbəblərindən biri həmin yerin nüfuzlu generallardan birinə məxsus olmasıdır. Camaatın icarəyə götürdüyü bu yer üçün Sabir Niftəliyevi seçməsinin arxasında da “iz itirmə” planı yatır. Kafenin arxa tərəfində söhbət məclisi quran Camaatın gəncləri buradan əsasən görüş yeri olaraq istifadə edirlər. O da bildirilir ki, Xəzər Televiziyasının rəhbərliyi bir sıra dövlət adamları ilə görüşlərini də buraya salaraq, onlardan önəmli xahişlərini burada rica edirlər.
Camaatın ikinci görüş yeri isə İçərişəhərdə yerləşən “Burc” kafesidir. Qala divarları arasında yerləşən və olduqca az azərbaycanlı müştərisi olan bu məkan da Gülən gənclərinin vazkeçilməzləri arasında yer alır. Xüsusilə, son Ramazanda iftar süfrələrini bu məkanda salan gənclər burada daha rahat şəkildə müzakirələr aparırlar.
Cəmiyyətin üçüncü və gizli toplantılarının keçirdiyi yer isə Əhmədlidə yerləşir. Aşıq Ələsgər küçəsində yerləşən “Araz” Kursudur. “Təbrik” restoranının arxasında yerləşən bu təhsil müəssisəsi Camaatın əsas gizli toplantı mərkəzlərindən biridir. İki girişi olan “Araz” Kursundakı toplantılara əsasən Məsut Kurnaz və ya Ənvər Özərən rəhbərlik edir. Binanın tabelasında SOCAR-la “Çağ öyrətim”in ortaq qurduqları Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin adı yazılsa da, bina artıq neçə müddətdən bəri gizli söhbət mərkəzinə çevrilib. Həftəlik toplantılarına ara verməyən Camaat bu həftə də müəllimləri oraya yığaraq, dərs tapşırıqlarını verib. Maraqlıdır ki, kurs rəsmi olaraq ləğv edilsə də, Məsud Kurnaz sanki yeni dərs ilinə başlayacaqlarmış kimi tapşırıqlarını verib. Bu isə bir daha Gülənin məktəblərini yenidən bərpa etməyə çalışdığına dair inamı artırır. Eyni zamanda hər dərs ili öncəsi keçirilən müəllimlərlə müzakirə və dərs bölgüsünün aparılmasının gələn həftə keçirilməsinə dair məlumat da bir daha sübut edir ki, Camaat Azərbaycanı sakitcə tərk etməkdə maraqlı deyil. Təbii ki, dövlətin bir çox mühüm məqamında güclü tərəfdarlara sahib olması Camaatın əlini gücləndirir. Onlar “parası ilə deyilmi, kardeşim” məntiqi ilə yenidən məktəbləri açacaqlarını sanır və bu yöndə fəaliyyətlərini davam etdirirlər. Müxtəlif yollarla Təhsil Nazirliyinə basqılar qurub, ən azından bir neçə liseylərini qurtarmaq istəyirlər. Təbii ki, bu məsələdə Xalık Məmmədovun onlara verdiyi dəstək misilsizdir. Bu məktəblərin bağlanılmasından sonra pulların qaytarılıb, uşaqların başqa məktəblərə yerləşdirilməsi ilə məşğul olması gərəkirkən ABTM rəhbəri tamamilə fərqli yol tutaraq, məktəblərin yenidən “Çağ Öyrətim”ə qaytarılaraq, qaldıqları yerdən davam etmələrinə çalışır.
Camaatın “para baronları”
Camaatın Azərbaycandakı “para kassaları” barədə danışarkən, iş adamı Qalib Namazovun adı ön plana çıxır. Bu şəxsin Sumqayıtda yaşadığı və əsas “para baronları”ndan biri olduğu vurğulanır. Onun “hizmət”çi gənclərin ayaqda qalmaları üçün öz sərvətini (?) xərclədiyi vurğulanmaqdadır.
Camaatın “para baronları”ndan söz düşmüşkən, “İstikbal”ın, “Tekfen”in və digər böyük şirkətlərin adlarını çəkməmək olmaz. Doğrudur, bir müddət öncəsinə qədər Azərbaycandakı ən böyük inşaat şirkətlərindən olan “Aral Qrup”un adı da Camaatın siyahısında idi. Lakin şirkətin rəhbəri Ahmet Çetinin Ərdoğanı dəstəkləməsi ilə Camaatdan qovuldu. Qovulma cəzası olaraq da, SOCAR “Aral Qrup”a verdiyi böyük proyekti yarımçıq şəkildə əlindən aldı. Bəli! Yanlış oxumadınız, Güləni deyil, Ərdoğanı dəstəklədiyi üçün “Aral Qrup” Qala yaxınlığında tikdiyi böyük proyektdən qeyd-şərtsiz çıxarıldı. Bu isə Xalık Məmmədovla SOCAR içində özünə yer edən və ARDNŞ-nin Bakı ilə yanaşı həm İstanbulda, həm Londondakı nümayəndəliyində kök salan Şəbəkənin gücünü bir daha ortaya qoymaqdadır. Bu fakt Gülənin “xoşgörü”sünün pərdəarxasını ortaya qoymaqdadır. Hər il Camaata müxtəlif adlar altında bir neçə yüz min yardım edən bir şirkət sadəcə bir fikir ayrılığı səbəbilə “xain” elan olunur və çökdürülməsi üçün bütün yollara baş vurulur. Bu isə yeni hal deyil. Türk mətbuatının yazdığına görə, İndoneziyadakı Gülən yurdunda qalan bir neçə tələbə Ərdoğanı dəstəklədiklərinə görə, qaldıqları yerdən qovulub və təhdid ediliblər: “Ərdoğanı dəstəkləməkdə davam etsəniz, sizi İndoneziyada süründürərik”. Hadisə Türkiyədən 14 min 500 km uzaqlıqda yerləşən İndoneziyada Camaatın açdığı 11 Mart Universitetində baş verib.
Göründüyü kimi Camaatın “qızıl nəsil” adını verdiyi qrup dövlətin içərisində dövlət olmaq yolunda artıq birinci mərhələni başa vurub. Camaatla iqtisadi maraqlar naminə bir yerdə olanların vasitəsi ilə Gülən uşaqlarını vəzifə sahibi edən Şəbəkə bu gün Azərbaycan dövlətinin mühüm nöqtələrini işğal altında saxlamaqdadır. Bu isə həm də dövləti təhdid edən təhlükəyə qarşı reflekslərinin hələki tam formalaşmadığından xəbər verir. Belə ki, Gülən camaatının vitrininə aldanan dövlət adamları bir müddət sonra özləri də bilmədən o şəbəkənin simpatizanına çevrilir, onları müdafiə edirlər.
Bu səbəbdən də Gülən şəbəkəsi ikili əlaqələrdən maksimum faydalanaraq, xüsusilə SOCAR vasitəsi ilə dövlətin müxtəlif nöqtələrinə öz adamlarını yerləşdirməyə davam edir. Hətta övladlarını bu camaatdan uzaqlaşdırmaq istəyənlər müxtəlif vasitələrlə zərərsizləşdirilirlər.
Bu gün sadəcə QHT sektorunda deyil, Prezident Aparatından Gömrük Komitəsinə, Nazirlər Kabinetindən Gənclər və İdman Nazirliyinə qədər müxtəlif sektorlara öz adamlarını yerləşdirən Camaat Türkiyədən sonra ən güclü məmur ordusuna Azərbaycanda sahibdirlər.
Başqa ölkələrdə əsasən biznes və təhsil sektorunda şəbəkə quran Camaat öz içərisindən nazir və millət vəkili çıxardığı Türkiyə xarıc tək ölkə Azərbaycandır.
Son əvəzi
Birinci yazıda qeyd etmişdik ki, Camaat Amerikan dəstəyi ilə dünyada özünə yer tutsa da, müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan da geri durmayıblar. “Double agent” kateqoriyasına daxil olan Gülən Şəbəkəsinin Alman kəşfiyyat orqanı BDN ilə də əlbir işlədiyini yazmışdıq. Bu həftə Türk mediası Camaatın Türkiyənin dövlət adamlarını dinləyərək, alman kəşfiyyatına ötürdüyünü yazdı. Göründüyü kimi, görünən dağ bələdçi istəmir. Camaatın ana mərkəzi sayılna Türkiyədə minlərlə insanı qanunsuz dinlədiyi, müxtəlif nüfuzlu insanları şantaj etdiyi sənədlərlə ortaya qoyulub. Türkiyə Prezidenti seçilən Ərdoğanın baş nazir seçimində belə “Camaatla mübarizə” önəmli faktor olub, neçə illik dostu Güldən vaz keçməsinə səbəb olursa, siz təhlükənin miqyasını təsəvvür edin…
Aqil ƏLƏSGƏR
www.yenicag.az