Könül Nurullayeva: “Sülh prosesinin gələcəyi Ermənistandakı daxili siyasi sabitlikdən və hüquqi öhdəliklərdən keçir”

media-hightechnic-468x90

“Nikol Paşinyanın seçkidə məğlubiyyəti baş verərsə müxalifət sülh prosesinə yalnız zərbə vura bilər.”

Başa çatan 2025-ci ildə Azərbaycan və Ermənistan münasibətlərində bir çox müsbət hadisələr baş verdi. Növbəti ildə proseslərin hansı məcrada davam edə biləcəyini Yenicag.az Milli Məclisin deputatı Könül Nurullayeva ilə müzakirə edib:

— Yeni ildə Ermənistan və Azərbaycan əlaqələrində hansı dəyişiklikləri gözləyirsiniz?

— 2026-cı ildə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması üçün heç bir ciddi maneə yoxdur. Çünki artıq tərəflər arasında sülh müqaviləsi layihəsi üzrə razılaşmanın mətni hazırlanıb və ilkin mətn ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda paraflanıb. Lakin Ermənistanın “ev tapşırıqları” var. Azərbaycanın əsas tələbi Ermənistan konstitusiyasından “ərazi iddialarının” çıxarılmasıdır. Ermənistan bunu icra etməlidir. Lakin bəzi dairələr bunu İrəvan üçün daxili siyasi baxımdan həssas məsələ kimi təqdim etməyə çalışır. Ermənistan daxilində də bəzi təhlilçilər prosesin çətinliklərlə üzləşdiyini və bəzi tərəflərin sülh müqaviləsinə qarşı olduğunu vurğulayır. Lakin bunun geriyə dönüşü yoxdur. Revanşistlərin əsassız iddialarının perspektivi yoxdur.

— Ermənistan və Türkiyə münasibətlərində hər hansı dəyişiklik gözlənilirmi?

— Ermənistan-Türkiyə münasibətlərinə nəzər salsaq, bu, birbaşa Bakı-İrəvan münasibətlərinin normallaşmasından asılıdır. Doğrudur, 2025-ci ildə Ermənistan və Türkiyə arasında intensiv dialoq davam edib, tərəflər arasında dialoqun rəsmiləşməsi və nəticələrin alınması istiqamətində nikbinlik ifadə olunur. Bununla belə, bu, yalnız Ermənistan–Azərbaycan sülh müqaviləsinin imzalanması ilə paralel gedə bilər, çünki Ankara bu prosesin baş tutmasını regional inteqrasiyanın açarı hesab edir. Bu məsələdə Ankara ilə Bakı arasında heç bir fikir ayrılığı yoxdur. İrəvanda da bunu yaxşı başa düşürlər.

— Növbəti il Ermənistanda parlament seçkiləridir. Seçkilərdə hansı tərəfin qələbəsi bölgədə 2026-cı ildə sülhün təminatı hesab edilə bilər?

— Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixində keçiriləcək və bu, regiondakı proseslərə birbaşa təsir göstərə bilər. Belə ki, hazırkı Baş nazir Nikol Paşinyanın qələbəsi yekun sülh müqaviləsini sürətləndirə bilər. Müxalifətin üstünlüyü isə prosesə ancaq zərbə vura bilər. Bu mənada deyə bilərik ki, 2026-cı ildə sülh müqaviləsinin imzalanma şansı var, amma Ermənistan qısa vaxtda siyasi iradə nümayiş etdirib məsələləri həll etməlidir.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa