Abidinin "QARA JEK" REZALETİ: Ağacları diri-diri betonlayıb, sakinlərin üzünə qapı qıfılladılar
AzTimes.az-a daxil olan məlumata əsasən, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış massivi, 72-ci binanın qarşısında qanunsuz artırma işləri aparılıb. Sakinlərin bildirdiyinə görə, heç bir rəsmi icazə olmadan həyata keçirilən bu tikinti həm binanın təhlükəsizliyinə, həm də ərazinin ümumi görünüşünə ciddi zərər vurub.
Qanunsuz tikinti ilə yanaşı, ərazidə daha bir ciddi problem qeydə alınıb. Binanın qarşısında uzun illərdir mövcud olan, həmişəyaşıl və çoxillik ağacların baş hissələri kəsilib, dib hissələri isə betonlanaraq faktiki olaraq məhv edilib. Sakinlər bu addımı ekoloji vandalizm adlandırır və bildirirlər ki, ağacların məhv edilməsi həm hava keyfiyyətinə, həm də yaşayış mühitinə mənfi təsir göstərir.Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və araşdırma aparılıb. RİH-dən verilən açıqlamada qeyd olunub ki, vətəndaş tərəfindən qanunvericiliyə zidd şəkildə, hər hansı icazəverici sənədlər olmadan qeyri-qanuni tikinti fəaliyyəti həyata keçirilib və bununla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi istiqamətində rəsmi prosedurlar başlanıb.Lakin sakinlər hesab edir ki, bu açıqlama hələ qanunsuz tikintinin sökülməsi ilə bağlı konkret qərar demək deyil.
Onların fikrincə, verilən rəsmi mövqe daha çox kağız üzərində qalan, medianın və ictimaiyyətin təzyiqini azaltmağa yönəlmiş bir açıqlamadır. Ərazidə faktiki olaraq tikinti izləri qalmaqda davam edir və ağacların məhv edilməsi ilə bağlı real bərpa tədbirləri görünmür.Məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da əraziyə baxış keçirib və ağaclara vurulan ziyana görə yer sahibinin cərimələnəcəyini bildiriblər. Ancaq bu da sakinlərin narahatlığını tam aradan qaldırmır. Onlar hesab edir ki, təkcə cərimə ilə məsələ bitməməli, məhv edilmiş yaşıllıqların bərpası və məsul şəxslərin ciddi şəkildə cavabdehlik daşıması təmin olunmalıdır.Daha bir diqqətçəkən məqam isə əraziyə nəzarət etməli olan JEK-in (Mənzil-İstismar Sahəsi) mövqeyidir. Sakinlərin sözlərinə görə, iş saatı olmasına baxmayaraq JEK nümayəndələri ortalıqda görünməyib, hətta binanın qapıları bağlanıb və heç bir açıqlama verilməyib. Bu isə yerli qurumların məsuliyyətdən yayınması kimi qiymətləndirilir.“Qurtuluş 93” yaşayış massivinin sakinləri aidiyyəti qurumlardan söz yox, əməl gözlədiklərini bildirirlər.
Onlar qanunsuz tikintinin tam sökülməsini, məhv edilmiş ağacların yerinə yenilərinin əkilməsini və gələcəkdə bu kimi halların qarşısının alınması üçün ciddi nəzarət mexanizmlərinin tətbiq olunmasını tələb edirlər.AzTimes.az mövzunu diqqətdə saxlayacaq və məsələ ilə bağlı rəsmi qurumların atacağı real addımlar barədə oxucularını məlumatlandırmağa davam edəcək.












