ABŞ administrasiyası ilə Harvard BARIŞIĞA GEDİR? – Razılaşmanın detalları SIZDIRILDI
ABŞ hökuməti ilə Harvard Universitetinin federal tədqiqat maliyyəsinin bərpası müqabilində universitetin 500 milyon dollar xərcləməsini nəzərdə tutan hüquqi razılaşmaya yaxın olduğu iddia olunub.
Yenicag.az xəbər verir ki, bu barədə “New York Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, məsələ ilə tanış dörd mənbədən üçü bildirib ki, ötən həftə Ağ Ev ilə Harvard nümayəndələri arasında keçirilən qapalı görüşlərdə tərəflər razılaşma çərçivəsi üzərində irəliləyiş əldə ediblər. Bu plana əsasən, Harvard federal hökumətin tələbi ilə peşə və təhsil proqramları, eləcə də elmi-tədqiqat işlərinə 500 milyon dollar ayıracaq.
Digər mənbənin sözlərinə görə, universitet həmçinin kampusda antisemitizmə qarşı mübarizə tədbirlərini davam etdirməyi öhdəsinə götürəcək. İddiaya görə, razılaşma əldə olunarsa, ABŞ administrasiyası Harvard barəsində aparılan araşdırmaları dayandıracaq, universitet isə bu yolla federal tədqiqat fondlarına yenidən çıxış əldə edəcək və “nəzarətçi təyin olunması” şərtindən imtina olunacaq.
Xatırladaq ki, ABŞ hökuməti, o cümlədən Harvard da daxil olmaqla bir sıra universitetləri, xüsusən Fələstinə dəstək aksiyaları və müxtəlif sosial proqramlar səbəbindən federal maliyyəni dayandırmaqla hədələmişdi. ABŞ administrasiyası Harvardaa ayrılan 2,2 milyard dollarlıq maliyyəni və 60 milyon dollarlıq müqavilə vəsaitini dondurmuş, universitet isə bu qərarın qanunsuz olduğunu bildirərək məhkəməyə müraciət etmişdi.