"ABŞ hansı havanı çalırsa, hamı ona oynamalıdır?" – Trampın planı niyə baş tutmadı?
ABŞ prezidenti Donald Tramp mayın 4-də başlatdığı “Azadlıq Layihəsi” əməliyyatını cəmi bir gün sonra təxirə salıb. Yayılan məlumatlara görə, Səudiyyə Ərəbistanı bu əməliyyat barədə öncədən xəbərdarlıq edilmədiyi və Trampın layihəni təkbaşına həyata keçirməyi planlaşdırdığı üçün rəsmi etirazını bildirib. Krallıq əməliyyat çərçivəsində Hörmüz boğazında qalan gəmiləri azad etmək üçün Səudiyyə Ərəbistanının hava məkanından istifadəyə qadağa qoyub. Yalnız bu kəskin addımdan sonra Tramp layihəni dayandırmalı olub.
Politoloq Azad Məsiyev Səudiyyə Ərəbistanının bu qərarını Yenicag.az-a şərh edərkən bildirib ki, Tramp hər ölkəni öz siyasətinə alət edə biləcəyini düşünməkdə yanılır:

“Qeyd edim ki, ABŞ prezidenti Tramp özünü dünyanın ağası hesab edir. O elə bilir ki, bütün dünya onu alqışlamalı və onun diktə etdiyi siyasətə uyğun hərəkət etməlidir. Xatırlatmaq yerinə düşər ki, o, İran əməliyyatını da müttəfiqləri ilə məsləhətləşmədən başlatmış, yalnız prosesdən sonra NATO blokuna çağırış etmişdi. NATO ölkələrinin Amerikaya dəstək verməməsindən şikayətlənəndə isə Avropa dövlətləri bəyan etdilər ki, bu müharibə onların deyil və məsləhətləşmədən başladılıb”.
A. Məsiyev qeyd edib ki, Səudiyyə Ərəbistanının öz ərazisindən iznsiz istifadəyə icazə verməməsi onların suveren hüququdur:
“Trampın “Azadlıq Layihəsi” adlandırdığı təşəbbüsə Səudiyyə Ərəbistanının etiraz etməsi onu göstərir ki, ABŞ atdığı hər addımı yalnız öz maraqları çərçivəsində reallaşdırır və müttəfiqlərini bu prosesdə sadəcə alət kimi görmək istəyir. Bu baxımdan, artıq Amerikanın müttəfiqləri də açıq şəkildə Trampa etiraz edirlər.
Trampın bu davranışları Amerikanın xarici siyasətində diktator imici yaradır və bu da ciddi narazılıqlara yol açır. İstər Yaxın Şərqdə, istərsə də Avropada aparılan siyasət qəbul edilmir. Hesab edirəm ki, Tramp atdığı addımlarda nə müttəfiqlərinin, nə də proseslərdən zərər görəcək dövlətlərin maraqlarını nəzərə alır, onların mövqeyi ilə hesablaşmır. Sadəcə, rəsmi Vaşinqton hesab edir ki, hansı “havanı çalacaqsa”, müttəfiqləri də ona oynamalıdır”.
Nurlan Cəfəri













