Paytaxt Ankarada fevralın 16-da baş verən terror qardaş Türkiyəyə qarşı hazırlanan böyük əməliyyatın tərkib hissəsi sayıla bilər. Terrorun Hərbi Hava Qüvvətlərinin Qərargahı yaxınlığında baş verməsi sıradan bir münasibət deyil.
Türkiyə Böyük Millət Məclisinin millət vəkili Yusuf Halaçoğlu ilə söhbətimizdə mövcud durumun yaratdığı suallara cavab almağa çalışdıq.
Yusuf Halaçoğlu
Yusuf bəy, Ankarada 16 fevral terrorunu necə qiymətləndirirsiniz və hadisənin baş verməsinin səbəblərini necə izah edərdiniz?
Ankaradakı terror olayına Orta Doğudakı qarışıqlıq prizmasından yanaşmaq lazımdır. Bu gün bütün terror qrupları, Amerika və Rusiya da Orta Doğudadır. Hazırda Amerikayla Rusiya bu coğrafiyada Kürdüstan dövləti qurmağa çalışırlar. Bu gedişatda PYD terror təşkilatı Türkiyəyə qarşıdır və nəzərə alın ki, Suriyayla sərhədi 911 kilometrdir. Suriyadan terror qrupları Türkiyəyə keçir və İŞID, PKK və onun PYD qolu ölkəmizdə durumu gərginləşdirmək istəyirlər. Məqsəd Türkiyəni Suriya savaşına çəkməkdir.
Türkiyə-Suriya sərhədi
Baş nazir Davudoğlu terroru PYD-nin Suriya qolunun üzvünün etdiyini bildirib. Bu barədə başqa bilgiləriniz varmı?
Artıq terroru həyata keçirənin kimliyi məlum oldu, adam suriyalıdır, 1956-cı il doğumludur, Necar adlı PYD-lidir. Bununla da olayı terror qrupunun həyata keçirdiyi bilindi.
Ehtimal kimi Ankara terrorunda Rusiyanın maraqlı olması barədə fikirlər də səslənir. Bu ehtimalı necə qiymətləndirirsiniz?
Hər kəs bilir ki, PYD PKK-nın bir qoludur. Amma BMT başda olmaqla Amerika və Rusiya PYD-ni terror qrupu kimi tanımır. Halbuki, PYD-nin son terroru törətməsi onun terrorçu təşkilat olduğunu ortaya qoyur. Bunu necə qiymətləndirəcəklər, bilmirəm. Bu gün PYD İŞID-lə sözdə savaşma adı altında Suriyada PKK dövləti qurmağa çalışır.
PKK silahlıları
“Ermənilər isə PKK-nı dəstəkləyir, ötən il öldürülən erməni əsgərinin dəfnində PKK bayraqları da qaldırılmışdı”
Sualımı konkretləşdirim. Rusiya PYD-nin İŞID-lə döyüşdüyünü əsas gətirərək Türkiyəni bu təşkilatı vurduğunu deyib İŞID-ə dəstək verməkdə suçlayır. Bu barədə nə deyə bilərsiniz?
Bunlar belə görünür. Sual yaranır, İŞID-i kim maliyyələşdirdi, kim dəstək verdi, bu boyda terror qrupu necə ortaya çıxdı? Bax, bunlar üzərində düşünmək lazımdır. İŞID-in da kim tərəfindən maliyyələşdirildiyi araşdırılmalıdır. Bilirsiniz ki, zamanında Amerika Əfqanıstanda Talibanı yaratdı, Rusiya ilə savaşdılar. Sonra yenə Amerikayla savaşdılar. Bax, bu məsələlər sıradan bir şey deyil.
Necə düşünürsünüz, Türkiyə Suriyaya daxil olmalıdır?
Xeyr. Suriyaya girməyə gərək yoxdur. Bu gün əsas vəzifə bundan ibarət olmalıdır: Suriyada vəziyyət durulmalı, dövlət parçalanmamalı və bölünməməlidir, diplomatik siyasət aparılmalıdır. Hazırda Suriyada müxaliflərin gücü qalmayıb, heç nəzarətlərində ərazi də yoxdur. Əsəd hazırda prezidentdir və alternativi yoxdur. Vəziyyəti sabitləşdirəcək və bütövlüyü qoruyacaq tək kişi odur.
Bəs Türkiyə Suriyadakı türkmanları müdafiə etməlidirmi?
Türkmanların öz torpaqlarında yaşamaları və qalmaları vacibdir. Təəssüf ki, Rusiya türkmanları Suriya ilə birlikdə bombalayır. Özü də İŞID adıyla bombalayır, halbuki türkmanlar heç zaman bu terror təşkilatında yer almayıblar. Türkmanların bombalanma səbəbi onların PKK-nın PYD qolunun Ağ dənizə çıxmasına ən böyük əngəl olmalarıdır. Məqsəd Bayır-Bucaq bölgəsinin bir şəkildə PYD-nin əlinə keçməsinə şərait yaratmaqdır. Əgər Bayır-Bucaq PYD-nin əlinə keçərsə, Ağ dənizə qədər kürd dövləti qurular.
Suriya türkmanları
Türkiyə Rusiyanın türkmanları bombalamasının qarşısını almaq üçün nə edə bilər?
Silahlı hərəkətə keçməsi mümkün deyil. Amma Türkiyədən bir çox könüllü insan, ülküçülər ruslara qarşı vuruşur. Rusiya Suriyada gücünün oturuşması üçün türkmanlara qarşı hərəkətə keçib. Rusiya təyyarəsinin vurulmasından xəbəriniz var, indi onun qisasını alır.
Rusiya ordusu
Necə düşünürsünüz, Rusiya Cənubi Qafqazda və Azərbaycanda oxşar hərəkətə keçə bilərmi?
Rusiyanın Ermənistana hər cür dəstək verdiyini bilirsiniz. Amma hərəkətə keçəcəyini düşünmürəm. Azərbaycanın Ermənistandan güclü olduğunu görürəm, amma arxayın olmamaq və hər zaman tətikdə dayanmaq gərəkdir. 26 fevralda Xocalı faciəsinin ildönümü yaxınlaşır və bugünlərdə erməni və azərbaycanlı əsgərlər arasında silahlı qarşıdurmalar da oldu. Azərbaycanlılardan da şəhid var, amma daha çox erməni əsgərləri öldürüldü. Ermənilər isə PKK-nı dəstəkləyir, ötən il öldürülən erməni əsgərinin dəfnində PKK bayraqları da qaldırılmışdı. Amma PKK-nı kürd hərəkatı kimi görməməliyik.
Bəs Bakı-Ankara bu istiqamətdə birgə nə edə bilər?
Hörmətli Əliyev də terrora qarşı fikirlərini səsləndirir. Biz iki dövlət olmağımıza baxmayaraq bir millətik. Azərbaycanın bayrağı bizim də bayrağımızdır. Yalnız terrora qarşı yox, hər bir məsələdə birlikdə olmağımız lazımdır. Fevralın 25-də Millət Məclisində Xocalı faciəsiylə bağlı çıxışım olacaq, bu da bir əməldir.
Xocalı soyqırımı
Söhbətləşdi: Natiq Türkel
Xeber365.com
www.yenicag.az