Qərbin Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri yumşaldıb-yatırmayacağına dair qərarın dünya liderlərinin ayın sonunda ABŞ-də – BMT Baş Assambleyasında keçiriləcək görüşündən əvvəl veriləcəyi ehtimal edilmir.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Böyük Britaniyanın və ABŞ-nin yüksək səviyyəli diplomatları Devid Lammi və Entoni Blinkenin Kiyevə səfəri zamanı prezident Volodimir Zelenskinin Rusiya ərazisinə daha dərindən zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan istifadə etmək tələbinin təmin edilməsinin mümkünlüyünü istisna etməyiblər. Lakin onlar qeyd ediblər ki, Co Bayden cümə günü Vaşinqtonda baş nazir Keir Starmerlə görüşən zaman məsələni müzakirə edəcək.
Blinken və Lamminin birgə səfəri Zelenskinin Rusiya ərazisinə dərindən zərbə endirmək planını dinləmək və onun gələn il üçün uzunmüddətli strategiyasını müzakirə etmək məqsədi daşıyırdı. Bu, qismən Kiyevin nəyi və niyə hədəfə almaq istədiyini daha yaxşı başa düşmək istəyi ilə bağlı idi.
Qeyd olunur ki, Blinken, Lammi və Zelenski arasında görüş planlaşdırılandan daha uzun sürüb. Məsələ ilə tanış olan şəxsin sözlərinə görə, Ukrayna prezidenti Ukraynanın Rusiya daxilində nə üçün zərbə endirməsi lazım olduğunu onlara ətraflı izah edib. Qəzetin həmsöhbəti əlavə edib ki, Zelenski onlara Ukraynanı yalnız hərbi məqsədlərin maraqlandırdığını deyib və yaxın aylar üçün hərbi planları müzakirə edib.
KİV əlavə edib ki, Blinken və Lammi telefon danışığından əvvəl Ukrayna prezidenti bu ayın sonunda Nyu-Yorkda dünya liderlərinin illik yüksək səviyyəli debat üçün toplaşacağı BMT Baş Assambleyasında prezident Co Baydenlə görüşərkən məhdudiyyətlərin yumşaldılması çağırışını gücləndirəcəyini söyləyib.
“Təəssüf ki, bu, mənim nikbinliyimdən deyil, onların nikbinliyindən asılıdır”, – deyə Zelenski çərşənbə günü jurnalistlərə bildirib.
Agentlik bildirir ki, daha dərin zərbələrlə bağlı qərarın BMT-nin Nyu-Yorkda keçiriləcək iclasından əvvəl qəbul ediləcəyi ehtimalı azdır, baxmayaraq ki, Bayden siyasət dəyişikliyinin gözlənilməyəcəyini düşünə bilər. XİN rəhbəri Lammi təsdiqləyib ki, BMT-nin iclası uzun mənzilli raketlər və Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün növbəti fürsət olacaq.
Nyu-Yorkda Baş Assambleyada yüksək səviyyəli debatlar sentyabrın 24-də başlayacaq.
“Politico”nun məlumatına görə, Ağ Ev Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ-ın verdiyi silahlardan Ukraynanın istifadəsinə qoyulan məhdudiyyətləri yumşaltmaq planını yekunlaşdırır.
“The Guardian” isə yazır ki, Böyük Britaniya artıq Ukraynaya Rusiyadakı hədəflərə qarşı “Storm Shadow” qanadlı raketlərindən istifadə etməy icazə verməyə qərar verib.
Rafi Müslümov
www.yenicag.az