“Zaman-zaman gərginliklər artsa da, proseslər bu müstəvidə davam edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ və Rusiyanın birbaşa hərbi münaqişəsi ilə bağlı ehtimalları qiymətləndirən politoloq Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, noyabr ayına, yəni ABŞ-də prezident seçkilərinin nəticələri bəlli olana qədər Rusiya ilə münasibətlərin istiqaməti gərginlik üzrə olacaq.
“Düzdür, dolayı yolla Suriyada və Ukraynada ABŞ-Rusiya qarşıdurmasını görürük. Tərəflər bir-birinin düşmənlərinə dəstək verərək bu mübarizədə üstünlük qazanmağa çalışırlar. Zaman-zaman gərginliklər artsa da proseslər bu müstəvidə davam edəcək. Bir sözlə, birbaşa hərbi münaqişə ehtimal olunmur”, – deyə o qeyd edib.
Nüvə silahından istifadə məsələsinə gəldikdə isə politoloq deyib ki, hər iki tərəfdən belə bəyanatlar müşahidə etmək mümkündür.
“Ancaq keçmiş təcrübələr bizə nüvə müharibəsinin qalibinin olmayacağını deməyə əsas verir. Rəqabət və müharibə olduğu zaman ölkələr bəzən doğru yerinə yanlış qərarlar verə bilirlər. Həmçinin nüvə təhdidləri ilə tərəflər bir-birinə öz gücünü göstərməyə çalışır. Nəticənin miqyasının necə böyük olacağını nəzərə alsaq, 1 faizlik nüvə təhlükəsinə belə ciddi yanaşmaq lazımdır”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az