ABŞ və Venesuela ÜZ-ÜZƏ – Vaşinqton bölgədə “ikinci İraq” ssenarisini REALLAŞDIRACAQ?
“ABŞ ilə Venesuela arasında gərginlik uzun illərdir davam edir. Hələ Bayden hakimiyyəti dövründə Ağ Ev 2024-cü ilin iyul ayında Venesuelada keçirilən prezident seçkiləri zamanı prezident Nikolas Maduronu devirmək istəyirdi və bu məqsədlə ifrat sağçı partiyaların namizədi olan Edmundo Qonsalesin namizədliyini dəstəkləyirdi”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.
Siyasi təhlilçi son günlər ABŞ və Venesuela arasında olan gərginliyi şərh edib.
Onun sözlərinə görə, Ağ Evin dəstəyinə baxmayaraq, 2024-cü ilin iyulun 29-da keçirilən seçkilərdə Nikolas Maduro yenidən üçüncü dəfə Venesuelanın prezidenti seçildi:
“Seçkidən sonra ölkədə xaos hökm sürdü, vətəndaş qarşıdurması yarandı. Hətta qonşu Kolumbiya Maduroya qarşı müxalifətə silahlı dəstək verməyə cəhd etdi, ancaq nəticəsi olmadı. ABŞ Maduro hakimiyyətini devirə bilmədi və nəticədə hadisələr tədricən səngiməyə başladı. Son günlərdə ABŞ iləVenesuela arasındakı münasibətlərdə gərginlik yenidən pik həddə çatıb. Tərəflər bir-birinə qarşı sərt ittihamlar səsləndirməkdədir”.
“Prezident Maduro bu günlərdə ABŞ-nin Venesuelaya qarşı ittihamlarını absurd hesab edərək bildirib ki, Ağ Ev narkotiklərə qarşı müharibə elan edibsə, bunu Kolumbiya və Mərkəzi Amerikada bütün narkotik qaçaqmalçılığını idarə edən mafiyalara qarşı öz torpağında açmalıdır. O, söyləyib ki, amerikalılar narkotik ticarətini idarə edən mafiyaların kimlər olduğunu çox yaxşı bilirlər”, – deyə müsahibimiz əlavə edib.
M. Bünyadlının fikrincə, Maduro onu da bəyan edib ki, ABŞ narkotiklə mübarizə adı altında Venesuelanın nəhəng enerji qaynaqlarını ələ keçirmək niyyətindədir:
“Maduro əlavə edib ki, ABŞ zamanında terror bəhanəsi ilə Əfqanıstan, İraq və Liviyaya müdaxilə etdi. İndi də bizi narkotik qaçaqmalçılığında günahlandıraraq Venesuelanı ələ keçirməyə çalışır. Artıq Venesuela rəhbərliyi də ABŞ-nin ölkədə hakimiyyət çevrilişi etməsinin fərqindədir və bunu açıq şəkildə dilə gətirir. Onu da qeyd etmək yerinə düşər ki, avqustun 8-də ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun həbsinə və ya mühakimə olunmasına səbəb olacaq məlumatlara görə mükafatı 25 milyon dollardan 50 milyon dollara yüksəltdiyini açıqlayıb”.
“İstər bu, istərsə də Karib dənizində Venesuelaya aid olduğu iddia edilən gəminin ABŞ tərəfindən vurulması bunun bariz nümunəsidir. Gəminin vurulması ilə bağlı bəyanat verən ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ ordusu Venesuelanı tərk edən narkotik cinayət dəstəsi tərəfindən fəaliyyət göstərən narkotik gəmisini vurub. Tramp isə “Truth Social” hesabından etdiyi paylaşımında ABŞ dəniz qüvvələrinin Venesuela sahillərində gəmiyə hücumu ilə bağlı təfərrüatları paylaşaraq yazıb ki, Venesuela əsilli “Tren de Araqua” bandasına qarşı həyata keçirilən əməliyyat zamanı 11 nəfər öldürülüb”, – müsahibimiz diqqətə çatdırıb.
“Venesuela tərəfi isə ABŞ-ın bu iddiasını rədd edib və feyk məlumat adlandırıb. Maduro bəyan edib ki, bu süni intellektin məhsuludur, real deyil, yalandır. Hadisələrin inkişafı onu deməyə əsas verir ki, Ağ Evin Maduro hakimiyyətini devirməkdə israrlıdır. Ağ Ev Venesuelada hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün hətta hərbi müdaxiləni də istisna etmir. Venesuela sahillərinə döyüş gəmilərinin göndərilməsi, Venesuelaya aid gəminin vurulması belə bir müdaxilə üçün zəmin yaratmağa xidmət edir”, – deyə müsahibimiz fikirlərini tamamlayıb.
Rafi Müslümov