Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Abutalıbovun “parkomat”ları tıxac probleminin harasındadır?

1376636574_etatist (1)Akif Nəsirli: “Parkomatların quraşdırılması yaranmış boşluqdan BŞİH-nin sui-istifadə etməsi kimi dəyərləndirilməlidir”

Dövlət başçısı  şəhərdə tıxaca səbəb olan stoyankalardan narazılığını ifadə edərək, bu sahədə dönüş yaratmağı Bakı şəhər icra hakimi Hacıbala Abutalıbova həvalə etdi. O isə, şəhərin müxtəlif yerlərində “parkovka”lar yaradaraq, həmin yerlərə aparatlar da qoydurub. Amma məsələ ondadır ki, bu “parkovka”ların çoxu elə əvvəllər avtomobillərin yol ayrıcında dayandığı ərazilərdə salınıb.

Hansı ki, əvvəllər Dövlət Yol Polisi yolun bir hissəsində avtomobillərin saxlanılmasına qarşı mübarizə apararaq, müəyyən dərəcədə olsa da, bu sahədə normal vəziyyətin yaradılmasına nail olmağa çalışırdılar. İndi isə məsələ ondadır ki, hazırda parkovkalar daha da çoxalıb və şəhərdə demək olar ki, icra başçısının aparat qoymadığı yer qalmayıb.  Bu fonda isə DYP də həmin avtomobillərə qarşı mübarizədə aciz qalıb. Nəticədə Bakı İcra Hakimiyyətinin həmin addımından sonra stoyankaların olması məsələsi həll edilmək əvəzinə, harda gəldi parkovkaların olması tıxac problemini daha da kəskinləşdirib. Bundan çıxış yolu nədir?

“Liberal iqtisadiyyat” mərkəzinin rəhbəri Akif Nəsirli düşünür ki, bu istiqamətdə prosesin icrası özəl şirkətlərə həvalə edilməlidir: “Bu parkomatların quraşdırılması əslində yaranmış boşluqdan Bakı Şəhəır İcra Hakimiyyətinin sui-istifadə etməsi kimi dəyərləndirilməlidir. İndiki şəraitdə parkomatların quraşdırıldığı ərazilər onsuz da əvvəlcədən də avtomobillərin normal hərəkətinə ciddi maneə yaradırdı. BŞİH vəziyyətdən çıxış üçün həmin ərazilərdə maşın saxlanılmasını qadağan etmək əvəzinə, parkomatlar quraşdırmaqla yol kənarında avtomobil saxlanılmasını qanuniləşdirib. Belə halda, görürük ki, yola maneələr əvvəlki dövrdə olduğundan daha çox olur. Ona görə də Hacıbala Abutalıbovun atdığı bu addım düzgün deyil. Şəhərdə yeni park yerləri tikilsə də, problem həll olunmayıb. Bunun üçün, BŞİH-nin qoyduğu parkomatlar yığışdırılmalıdır. Onlar heç bir qaydaya uyğun gəlmir və problemi daha da çətinləşdirir. Avtomobillər üçün parkomatlar yol hərəkətinə maneə olmayan yaxın ərazilərdə yaradılmalıdır.  Həmin parkları da dövlət deyil, onun sifarişi əsasında özəl şirkətlər tikməlidir. Proses tender yolu ilə həyata keçirilməlidir”.

Rüfət

www.yenicag.az

242