“Açılmasaydım, nə burun silinərdi, nə də bir adam…” - Çətir ETİRAF ETDİ

media-hightechnic-468x90

– Özünüzü təqdim edin.

– Mən… Mən sadəcə çətir deyildim. Mən bir səhv idim. Qatlanan formada doğuldum, açıq formada cinayət törətdim.

– Özünüzü günahkar sayırsınız?

– Nə demək?! Mən bütün məsuliyyəti üzərimə götürürəm. Əgər o gün açılmasaydım, indi nə burun silinərdi, nə də bir adamın iş masası yetim qalardı.

– Niyə açıldınız?

– Bilmirəm… Emosiyaya qapıldım. Yağış romantik idi. Mən inandım. Aldandım. Hər çətirin həyatında bir zəif an olur.

– Hadisə necə başladı?

– Kimsə Ramiz Mehdiyevin adını çəkdi. Ağaclar şaqqıldadı, göy guruldadı. Sonradan bildim ki, əslində, İsa Həbibbəyli burnunu silirmiş. O an mənim bir telim qırıldı. Bir klik səsi gəldi. Və… açıldım.

– Səni Ramiz Mehdiyevlə birlikdə dövlət çevrilişində ittiham edə bilərlər?

– Açığı, qorxuram. Çünki artıq hər şey mümkündür. Baxın, Ramiz Mehdiyevin adı çəkildi, İsa Həbibbəyli burnunu sildi, mən açıldım… bu, artıq klassik çevriliş ssenarisidir.

İndi də deyəcəklər: “Bütün bunların arxasında kim durur?”

Cavab hazırdır: Mən. Qara rəngli, avtomat açılan, xarici istehsal.

Məni məhkəmədə Ramiz Mehdiyevin yanında otuzduracaqlar. O danışacaq, mən susacağam. Amma hamı biləcək: əsas təxribatçı mən idim.

Hər an gözləyirəm ki, üstümə “ÇEVRİLİŞ ALƏTİ” etiketi yapışdırsınlar.

– Açıldığınızı dediniz, o anı necə xatırlayırsınız?

– Yavaş-yavaş… dramatik… sanki filmdə. Mən açıldım, musiqi içimdə çalmağa başladı, uzaqda bir karyera öskürdü.

– Sonra nə oldu?

– Sonra protokol susdu. Hava dəyişdi.

– Sizə cəza verildimi?

– Əlbəttə. Məni “xüsusilə təhlükəli mexanizm” kimi anbarda saxlayırlar. Yanımda bir dənə vaxtilə istifadə olunmuş təşəbbüs var, bir də səsi çıxmayan fit.

– Sizin açılmağımıza görə bir nəfər işsiz qaldı. Vicdan əzabı çəkirsiniz?

– Gecələr öz-özümə açılıram. Sonra qorxub yenə bağlanıram. Onu yox məni çıxartmalıydılar.

– Yenidən açılmaq istərdiniz?

– Yox! Mən artıq yalnız ailə daxilində açılıram. Kütləvi yerlərdə əsla!

– O adama bir sözünüz?

– Desinlər ki, məni bağışlasın. Mən yağış üçün yaradılmışdım, talelər üçün yox.

– İsa müəllim deyib ki, onun çətiri olmayıb.

– Demə qardaş, o söz bağrımı yaraladı. Yadıma kiçik Əmrahın “mənim heç velisopedim olmadı” sözü düşdü. Sonra nələri olduğunu xatırlayıb dedim ki, bir şeyin də əksik qalsın.

– Son sözünüz?

– Gənc çətirlərə deyirəm: hər yağışa inanmayın. Bəzən bir açılmaq ömür boyu peşmançılıqdır.

Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa