Ağrını kəsir, yoxsa orqanizmi məhv edir? – “Ağrıkəsicisiz müasir tibbi təsəvvür etmək olmaz, lakin…”
Ağrıkəsicilər gündəlik həyatda ən çox istifadə olunan dərman vasitələrindən biridir. Lakin onların nəzarətsiz qəbulu ciddi fəsadlara yol aça bilər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, ağrıkəsicilər əsasən narkotik və qeyri-narkotik olmaqla iki qrupa bölünür:
“Narkotik ağrıkəsicilər asılılıq yaratdığı üçün ciddi nəzarətdə saxlanılır və xüsusi qeydiyyat əsasında verilir. Qeyri-narkotik analgetiklər isə daha geniş istifadə olunur və xəstələr tərəfindən ambulator şəraitdə də qəbul edilə bilir”.
Professor qeyd edib ki, bir çox ölkələrdə bu tip dərmanlar daha əlçatan şəkildə satılır:
“Məsələn, Avropa ölkələrində və Amerikada ibuprofen kimi preparatlar təkcə apteklərdə deyil, marketlərdə də satılır. Bu isə onların kütləvi istifadə olunduğunu göstərir. Amma buna baxmayaraq, bu dərmanlar yenə də həkim təyinatı ilə qəbul edilməlidir”.
Adil Qeybulla ağrıkəsicilərin əsas risklərindən birinə də diqqət çəkib. Onun sözlərinə görə, qeyri-narkotik analgetiklərin “ulserogen” təsiri mövcuddur:
“Bu dərmanlar mədə-bağırsaq traktının selikli qişasına zərər verə, hətta yara və qanaxma yarada bilər. Bəzi hallarda sadə bir aspirin belə güclü qanamaya səbəb ola bilir. Amma elə xəstələr də var ki, illərlə bu preparatları qəbul edir və heç bir problem yaşamır. Bu, orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır”.
Ekspert vurğulayıb ki, buna baxmayaraq, ağrıkəsicilərsiz müasir tibbi təsəvvür etmək mümkün deyil:
“Bu dərmanlar təbabətdə ən çox istifadə olunan preparatlar sırasındadır. Məsələn, aspirin həm ağrıkəsici, həm də qansulandırıcı təsirə malikdir və bəzi xəstələr tərəfindən uzun müddət istifadə olunur. Lakin bütün hallarda dərman seçimi və dozası həkim tərəfindən müəyyən edilməlidir”.
Professorun fikrincə, ağrıkəsicilərin qəbulu zamanı əsas prinsip fərdi yanaşmadır və hər bir xəstə üçün uyğun müalicə mütəxəssis tərəfindən təyin olunmalıdır.
Samir Məcidov













