!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ah eylədiyim sərvi-xuramanınız üçün” deyil, gələcəyimiz üçündür

!Reklam – Yazi

Öncədən deyim ki, Dövlət İmtahan Mərkəzindən və onun hazırkı rəhbərliyindən şəxsi planda heç bir incikliyim, umu-küsüm yoxdur.

Əksinə, övladlarım son 10 ildə DİM-in təşkil etdiyi imtahanlardan altı dəfə (iki halda bakalavr pilləsinə, iki halda magistraturaya, daha iki halda dövlət qulluğuna) keçib, altısında da maksimum ballar toplayıblar. Bir övladım iki universiteti (BDU və İqtisad Universitetini) qırmızı diplomla, o biri övladım isə BDU-nun Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pilləsini qırmızı diplomlarla bitirib.

Bütün bunlar DİM-in təşkil etdiyi şəffaf və dürüst imtahanların nəticəsində mümkün olub.

DİM-in Direktorlar Şurasının rəhbəri, hörmətli Məleykə Abbaszadənin təbirincə desək, mənim “ah-naləm” özümdən, öz övladlarımdan ötrü deyil, xalqın, millətin övladlarının gələcəyindən, ölkənin təhsil sferasının sabahından ötrüdür.

İstədiyim, umacağım odur ki, İsveçrə saatı kimi dəqiq işləyən mexanizmə malik olan DİM bu cür, özünü yavaş-yavaş təkmilləşdirərək, işinin səmərəliliyini artıraraq davam etsin, radikal islahatlarla qurulu mexanizmi bərbad etməsin.

700 bal söhbəti məsələnin xırda bir nüansıdır və ondan ötrü ah-fəqan edən yoxdur. Mənim yazımda bu, yuxarı hədd olduğu, çempionatın kuboku rolu oynadığı üçün yazının başlığına çıxarılıb. Söhbət ondan gedir ki, bütün abituriyentlərin topladığı ballar müvafiq olaraq azalıb və öncəki illərdə keçid balını birtəhər toplayan yüzlərlə, bəlkə də minlərlə abituriyent artıq tələbə ola, təhsillərini davam etdirə bilməyəcəklər.

DİM rəhbəri yazdığı məqalədə 1992-2018-ci illər arasında 700 bal toplayanların statistikasını verib, belə aydın olur ki, abituriyentlər 700 balı toplamağa uzun illərdən sonra, ilk dəfə 2007-ci ildə nail olublar. Sonra ardı gəlib: 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci illərdə toplam olaraq 111 abituriyent 700 bal toplayıb. Ötən il 29 (rekord) abituriyent 700 bal toplayıb.

Bu il isə belə oldu. Demək, ortada bir tənəzzül qeydə alındı. Bu isə heç də təhsil sferasının günahı deyil. Çünki universitetə hazırlaşan abituriyentlər ötən il də hazırlıq kurslarının, fərdi repetitorların xidmətindən yararlanırdılar, bu il də elə edirlər, hətta daha artıq səy göstərir, daha artıq əziyyət çəkirlər.

Demək, imtahanın təşkilində tətbiq edilən yenilik abituriyentləri daha da çətinə salıb, onların yükünü daha da artırıb.

Bəzi ekspertlər elə şərhlər verirlər, sanki abituriyent universitetə daxil olarkən yüksək ixtisaslı mütəxəssis, akademik biliyə sahib olan elm adamı səviyyəsində olmalıdır. Bilmək lazımdır ki, bunlar 17-18 yaşlı gənclərdir, elm, savad almaq üçün onların beyni hələ indi-indi qırışır, önlərində 5-6 il vaxtları var ki, yüksək ixtisaslı mütəxəssisə çevrilsinlər. İndidən onları bu qədər yükləmək, çətin fənlərin ağır yükü altında əzmək nəyə lazımdır? Dünənin uşağından analitik təfəkkür gözləmək də absurddur. Belə şeyləri universitetdə öyrənməyə başlayır, bir ömür boyu da inkişaf etdirirlər.

Hansısa fəndən 25 sualın 25-nə də düzgün cavab vermək asan məsələ deyil. Özümdən götürürəm, ikinci övladım 3-cü qrupa hazırlaşanda tarix fənnindən də imtahan verməliydi (sonda 660 balla qəbul olundu). O, 25 sualı düzgün cavablandırmaqdan ötrü 12 tarix kitabı oxudu, ən kiçiyi 450 səhifə idi. Yüz minlərlə detalı, təfərrüatı yadda saxlamaq heç kəsə asan gəlməsin. “Abituriyentlər şablonlaşmışdı”, “əzbərçilik müşahidə olunurdu” deyənlər bunu nəzərə alsınlar. Kağıza baxmadan yeddi cümləni ard-arda düzüb danışmaq olmur. Amma 5 min səhifəlik kitabın hər səhifəsindən xəbərə verən abituriyentləri əzbərçilikdə ittiham edəndə, aşağılayıcı tərzdə “700 balçılar”, “700 balniki” adlandıranda, bu, ədalətsizlik və insafsızlıq olur.

DİM-in son açıqlamasından da anlaşılır ki, 2018-ci ildə göstərilən rekord nəticə (650-dən artıq bal toplayanların bütün gözləntiləri aşması) DİM-i məcbur edib ki, abituriyentlərin yolunu daşlığa, tikanlığa salsınlar və onlar çox bal toplaya bilməsinlər. Məqsəd çox bal toplayanların azaldılması olub.

Bu isə DİM-in 26 ildən bəri gəldiyi yoldan hələlik bir balaca sapmasını göstərir. İmtahanların pullu olması, dövlət sifarişi ilə pulsuz oxuyacaq tələbələr üçün ayrılan yerlərin ilbəil azaldılması – bunlar xoşagəlməz təmayüllərdir.

İctimaiyyətin narahatlığı da ona görədir ki, son 27 ilin ən dürüst, şəffaf, qanuni işləyən mexanizmi korlanmasın, neqativ hallara yol açmasın, “arxa qapıdan” və böyük çirkli pullarla tələbə adı qazanaraq yuxarı başa keçənlərə fürsət yaratmasın.

Xalq arasında belə bir əndişə var və builki nəticələr o əndişəni xeyli şiddətləndirib. Onlar “təhsil mafiyası”nın əvvəl-axır test üsulu ilə qəbulu aradan qaldırıb “sovet qəbulu”na dönüləcəyinə görə narahatdırlar.

İndilikdə başqa söz demirəm, təki axırı yaxşı olsun, gələn il abituriyentlər yüksək bal toplamaq ənənəsini bərpa etsinlər. Görünür, onlar maksimum nəticə göstərməyin çəmini tapmaq, sirrini çözmək üçün bir neçə il səylə çalışacaqlar.

700 bal toplayanların çoxluğundan isə qorxmaq lazım deyil. Onlar çempion, birinci olmaq istəyən uşaqlardır və mütləq rekorda can atacaqlar.

Məleykə xanımın yazısında şəxsimə yönəlik bir abzas var, yazır: “İkincisi, bəzi yazılarda DİM-in əvvəlki fəaliyyətinin İsveçrə saatının işi ilə müqayisəsi, əlbəttə ki, bizə xoş gəlməyə bilməz, lakin əfsuslar olsun ki, bu ifadə elə bir kontekstdə verilib ki, elə bil müəllif bu İsveçrə saatını bizə 27 əvvəl hədiyyə edib, biz müvəffəqiyyətlə ondan istifadə etmişik, indi isə onu sökməyə qərar vermişik”.

Bu ifadəyə dair yalnız bunu deyə bilərəm: o hədiyyəni sizə mən yox, mərhum prezident Əbülfəz Elçibəy, hörmətli Vurğun Əyyub, möhtərəm Firudin Cəlilov bəxş etmişdi və əla işləyirdi. Zatən İsveçrə saatları 100 ildə bir saniyə geri qalır, o da bir şey deyil. Sadəcə, saatı qorumaq və qapağını tez-tez açıb qurdalamamaq lazımdır.

Xalid Kazımlı

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv