Aİ-dən Ermənistana böyük dəstək: Gömrüksüz və kvotasız ticarət gündəmdə
Avropa İttifaqı (Aİ) Rusiyanın iqtisadi təzyiqləri ilə üzləşən Ermənistanı dəstəkləmək və Avropa bazarına daha sıx inteqrasiya etmək üçün yeni addımlar atmağa hazırlaşır.
Yenicag.az xəbər verir ki, erməni mediasının Brüsseldəki mənbələrə istinadən yaydığı məlumata görə, Aİ Ermənistan üçün xüsusi dəstək paketi üzərində işləyir.
Məlumata əsasən, Avropa İttifaqı Ermənistan iqtisadiyyatını gücləndirmək məqsədilə “Muxtar Ticarət Tədbirləri” mexanizmini işə salmağa hazırlaşır. Bu çərçivədə müəyyən Ermənistan mənşəli məhsulların Avropa bazarına gömrük rüsumu və kvota məhdudiyyətləri olmadan daxil olmasına imkan yaradılacaq.
Bununla yanaşı, İrəvana maliyyə yardımı göstərilməsi məsələsi də müzakirə olunur. Bildirilir ki, Aİ Ermənistan üçün ciddi maliyyə dəstəyi paketi hazırlayır. Lakin yardımın məbləği ilə bağlı yekun qərar hələ verilməyib.
Qeyd edək ki, Ermənistan iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşdığı bir vaxtda Rusiya ilə münasibətlərdə gərginlik daha da artıb. Moskva İrəvanın Avropa İttifaqı ilə yaxınlaşmasından narahatlığını açıq şəkildə ifadə edir.
Bu günlərdə Qazaxıstanın paytaxtı Astanada keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) sammitində Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Aİ-yə inteqrasiya istiqamətində atdığı addımların birlik üçün risk yaratdığını bəyan ediblər.
Rusiya Prezidenti Vladimir Putin isə Ermənistanın Avropa İttifaqını seçəcəyi təqdirdə AİB çərçivəsində əldə etdiyi iqtisadi üstünlüklərdən məhrum ola biləcəyini bildirib.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi mayın 30-da Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr aparmaq üçün Moskvaya geri çağırdığını açıqlayıb.
Ayşən













