Aİ yeni format yaradır: Azərbaycanın regional mərkəzə çevrilməsi SÜRƏTLƏNİR - ŞƏRH
“2009-cu ildən qüvvədə olan “Şərq Tərəfdaşlığı” proqramının əvəzlənməsi ilə yeni modelin yaradılması Aİ-nin regionda daha inklüziv, daha geniş miqyaslı siyasət yürütmək niyyətindən xəbər verir.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O bildirib ki, əgər “Şərq Tərəfdaşlığı” əsasən Cənubi Qafqaz və Şərqi Avropa ölkələrini əhatə edirdisə, yeni platforma Avrasiya məkanını vahid əməkdaşlıq çevrəsində birləşdirir:
“Bu, Azərbaycanın geosiyasi mövqeyinə yeni imkanlar açır — ölkəmiz həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın strateji qovşağı kimi çıxış edir və Avropa ilə Asiya arasında körpü rolunu daha da gücləndirir. Bu kontekstdə Prezident İlham Əliyevin Qazaxıstana səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Qazaxıstan münasibətləri təkcə iki ölkə arasındakı qardaşlıq bağlarını deyil, həm də Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində inteqrasiyanın real nümunəsini əks etdirir”.
Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin dövründə formalaşan dostluq və strateji tərəfdaşlıq əlaqələri bu gün Prezident İlham Əliyev və Qazaxıstan lideri Kasım-Jomart Tokayevin birgə səyləri ilə daha yüksək mərhələyə çatdırılıb:
“Hər iki lider Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasını gücləndirən təşəbbüsləri fəal şəkildə dəstəkləyir. Qazaxıstanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində məktəb inşa etməsi qardaşlığın və mənəvi həmrəyliyin simvoluna çevrilib. Bu addım həm də Türk dövlətləri arasında mədəni-humanitar əməkdaşlığın təcəssümüdür. İlham Əliyev və Tokayevin görüşləri bir tərəfdən ikitərəfli münasibətlərin möhkəmlənməsinə, digər tərəfdən regionun iqtisadi və nəqliyyat inteqrasiyasının dərinləşməsinə xidmət edir. Yeni Aİ əməkdaşlıq formatı məhz bu istiqamətdə – enerji, nəqliyyat, ticarət və rəqəmsal inkişaf sahələrində qarşılıqlı asılılıqların artırılmasına yönəlib. Azərbaycan bu sahələrin hər birində əsas oyunçu kimi çıxış edə bilər. Enerji baxımından Azərbaycan artıq Avropanın strateji tərəfdaşıdır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına təbii qaz tədarük edən etibarlı ölkə kimi tanınır”.
M.Vəliyeva vurğulayıb ki, Aİ-nin yeni təşəbbüsü Azərbaycanın təşviq etdiyi sülh və əməkdaşlıq gündəliyinə uyğun gəlir:
“Rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində də yeni format Azərbaycanın texnoloji modernləşməsini və regional rəqəmsal mərkəzə çevrilməsi strategiyasını dəstəkləyə bilər. Ölkəmiz rəqəmsal infrastrukturun inkişafı, süni intellekt və “ağıllı şəhər” layihələrinin reallaşdırılması istiqamətində mühüm addımlar atır. Bu sahədə Avropa və Mərkəzi Asiya ilə birgə layihələr Azərbaycanın iqtisadi transformasiyasına yeni dinamika qazandıra bilər. Beləliklə, yeni Aİ formatı həm regional, həm də qlobal səviyyədə Azərbaycanın strateji maraqlarına uyğun gəlir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, ölkəmizin iqtisadi, nəqliyyat və enerji mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək”.
Məlik Məlikov