“Al Jazeera”: Türkiyədə keçirilən danışıqlardan “möcüzəvi irəliləyiş” GÖZLƏNİLMİR
“Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda Türkiyədə təşkil olunan yeni danışıqlar raundundan ciddi nəticələr gözlənilmir.
Yenicag.az xəbər verir ki, bu barədə “Al Jazeera” nəşrində yayımlanan təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, Rusiya nümayəndə heyətinin İstanbulda keçirilən görüşə qatılacağını Kreml sözçüsü Dmitri Peskov təsdiqləyib. Peskov danışıqların “çox çətin” keçəcəyini vurğulayıb və qeyd edib ki, tərəflər əsasən məhbus mübadiləsi və digər humanitar məsələləri müzakirə edəcəklər.
Ukrayna tərəfinə keçmiş müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi olan Rustem Umerov rəhbərlik edir. Danışıqlardan öncə ukraynalı nümayəndələr Ankarada Türkiyə rəsmiləri ilə ikitərəfli görüşlər keçiriblər.
Məqalədə bildirilir ki, ABŞ-nin atəşkəs üçün göstərdiyi diplomatik təzyiqlər fonunda bu görüş son yeddi həftədə ilk birbaşa təmasdır. Ukrayna prezidenti Volodimir Zelenski sülh və atəşkəs məqsədilə bu danışıqlara qatıldıqlarını açıqlayıb. Onun sözlərinə görə, Kiyevin əsas prioritetləri əsirlərin azad olunması, Rusiya tərəfindən oğurlanmış uşaqların geri qaytarılması və liderlər səviyyəsində görüşlərin təşkili ilə müharibəyə son qoymaqdır.
Zelenski həmçinin qeyd edib ki, yaz-yay aylarında əsir mübadiləsi prosesi intensivləşdirilib və bu prosesə həm döyüşlər zamanı itkin düşənlər, həm də müharibədən əvvəl Rusiya həbsxanalarında saxlanılan şəxslər daxil edilib. Bununla belə, Ukrayna tərəfi danışıqlarda real qərarvermə səlahiyyətinə malik olmayan şəxslərin iştirakını tənqid edir və bunu Moskvanın danışıqları qəsdən ləngitməsi kimi dəyərləndirir.
Təhlildə qeyd olunub ki, diplomatik proses davam etsə də, cəbhə xəttində qan tökülməsi intensiv şəkildə sürməkdədir. Rusiya ordusu şərq və şimal-şərq istiqamətlərində hücumlarını gücləndirib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı vilayətində yerləşən Varaçine qəsəbəsinin nəzarətə götürüldüyünü açıqlayıb. Prezident Vladimir Putin həmin ərazidə “bufer zona” yaratmaq istədiyini bildirib.
Digər tərəfdən, Xerson şəhərinə edilən hücum nəticəsində 66 yaşlı qadın həyatını itirib, iki yeniyetmə də daxil olmaqla üç nəfər yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri isə Rusiya tərəfindən göndərilən 71 pilotsuz uçuş aparatından 45-nin məhv edildiyini açıqlayıb.
Nəsimi Ələsgərli