"Ətin daşınması ilə bağlı yeni qərar logistika xərclərini və qiymətləri artıracaq" – İqtisadçı
“Sahibkarlar ya bazarı tərk edəcək, ya da ətin qiymətini qaldıracaqlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.
İqtisadçı ət məhsullarının beynəlxalq tələblərə cavab verən xüsusi maşınlarda daşınması ilə bağlı qərar verilməsi haqqında da danışıb:
“Problem ondan ibarətdir ki, ölkədə istər qanunvericilik, istərsə də verilmiş qərarlar qəbul edilərkən bazar araşdırılmır. Verilən qərar qida təhlükəsizliyi baxımından beynəlxalq standartların tələbinə uyğunlaşdırılıb. Məsələ ondadır ki, Azərbaycan iqtisadiyyatı hal-hazırda yaxşı vəziyyətdə deyil. Azərbaycanda hər hansı məhsulun istehsal edilib ərsəyə gətirilməsi çox bahadır. Problem ondadır ki, biz ölkədə nəyi istehsal etmək istəyiriksə, baha başa gəlir. Vətəndaşlar da məcbur qalıb əziyyət çəkməmək üçün idxala üz tuturlar. Ona görə ki, Azərbaycanda məhsulun maya dəyəri çox yüksək çıxır.
Belə qərarlar verəndə iqtisadi səmərəlilik, bazar effekti ayrıca təhlil olunmalıdır. Hökumət belə qurumların qərarverici rəhbərliyinə adətən hüquqşünasları təyin edir. Hüquqşünaslarda da iqtisadi təfəkkür olmadığı üçün sırf inzibatçılıqla məşğul olmağa çalışırlar. Bu da Azərbaycan iqtisadiyyatına güclü zərbə vurur. Ümumiyyətlə, kənd təsərrüfatı və iqtisadiyyat sahəsində hüquqşünaslar əsla rəhbər təyin edilməməlidir. Bu, dünya praktikasında da belədir. Çünki o şəxslər vəzifəyə gəlib inzibatçılıqla məşğul olacaqlar. Azərbaycanda da gördüyümüz mənzərə bundan ibarətdir”.
İqtisadçı bildirib ki, Azərbaycanda hazırda ət məhsullarının qiyməti çox yüksəkdir:
“Hazırda ət məhsulları kifayət qədər yüksək məbləğə satılır. Daşınma prosesinə də əlavə texniki və inzibati tələblərin tətbiq edilməsi logistika xərclərini artıracaq və qiymətlərə də öz təsirini göstərəcəkdir. Belə olan halda, sahibkarlar ya bazarı tərk edəcək, ya da artan xərcləri satış qiymətinə əlavə edəcəklər. Hər bir halda əlavə yük alıcının boynunda qalacaq”.
Nurlan Cəfəri













