Hüquqşünas: “Qumar oyunlarına qarşı cəzaların sərtləşdirilməsindən başqa optimal variant yoxdur”
“Qumar bəzən insanları intihara sürükləyir”
Bu sözləri Yenicag.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib.
Hüquqşünas cəmiyyət arasında son zamanlar qumar oyunlarının geniş vüsət alması, bu qanunazidd oyunların həm təşkilatçılarının, həm də iştirakçılarının cəzalandırılmasına rəğmən kökünün kəsilə bilməməsinin səbəblərini izah edib:
“Uzun müddətdir ki, gündəmdə olan, müzakirəsi aparılan, cəmiyyətdə də sərt təpkiyə tuş gələn qumar oyunları, qumar oyunlarının təşkil edilməsi və yaxud bu və ya digər formada qumar oyunları ilə bağlı qanunvericilik tələblərinin pozulması məsələsi mətbuatda da zaman-zaman tirajlanır. Əslində, Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd olan addımlardan biri də qumar oyunlarıdır, onların təşkil edilməsidir və həmişə bizdə ona qarşı qınaq xarakterli bir yanaşma olub. Həmişə qumar oyunları, onu oynayanlar və təşkil edənlər qınaq obyektinə tuş gəliblər. İndi də əslində, hüquqi dövlət olan Azərbaycan Respublikasında bu istiqamətdə onsuz da qanunvericilikdə qadağalar var idi. Həmin şəxslərlə bağlı qanunvericilikdə həm inzibati, həm də cinayət qaydasında məsuliyyət tədbirləri nəzərdə tutulmuşdu. Həmin məsuliyyət tədbirlərinin, xüsusilə də cinayət qanunvericiliyində sərtləşdirilməsi, daha da ağırlaşdırılması görünür bu günün tələbidir. Çünki artıq dövlətin müdaxilə edə bilmədiyi istiqamətlərdən, xarici ölkələrdən, ayrı-ayrı dövlətlərdən idarə olunan sosial şəbəkələr, internet resursları vasitəsilə artıq cəmiyyətin bəlalarından birinə çevrilən bu qumar oyunları ilə mübarizə, təbii ki, oyunlarda iştirak edənlərə münasibətdə ən düzgün və optimal yanaşmadır. Nə üçün? Çünki bu oyunların idarə edilməsi, çox təəssüf ki, əksər hallarda xaricdən olur. İndi biz bilirik ki, internet resursları var və internet resurslarında bu kazino oyunları, qumar oyunları müxtəlif formalarda reklam olunur. Əvvəllər təsəvvür edin ki, hər hansı bir qumarın fiziki cəhətdən oynanılması üçün insanlar müəyyən bir yerə toplaşmalı idilər və orada fiziki cəhətdən mövcudluqlarını təmin etməklə canlı olaraq həmin oyunların oynanılmasında iştirak edirdilər. Təbii ki, bu da həm müəyyən zaman alırdı, müəyyən resurslar tələb edirdi, həm də gizlilik istəyirdi. Təbii ki, bunun istənilən an təhlükəsi də var idi. Təhlükə dedikdə, yəni hüquq-mühafizə, polis orqanlarının həmin şəxslərin barəsində tədbirlər görmək imkanları daha rahat mümkün olurdu.”
X. Bəşirov qeyd edib ki, qumar oyunlarının təşkili artıq ölkə sərhədlərindən kənardan idarə olunduğu üçün dövlətin hüquqi addım atması vasitələri də çətinləşib:
“İndi istənilən şəxs olduğu yeri, yaşadığı yeri tərk etmədən, sadəcə bir telefon üzərindən internetlə xarici ölkələrdən idarə olunan o kazino oyunlarında iştirak edə bilir. Elə onlayn qaydada pulların qoyulmasında və yaxud götürülməsində rahat şəkildə iştirak edir və bir çox hallarda bunun gizli saxlanılması, yaxud da uzun müddət bununla məşğul olma imkanları olur. Amma artıq biz bilirik ki, o münbit şəraitə uyğun, təbii ki, dövlət də, hüquq-mühafizə orqanları da məsuliyyət tədbirləri müəyyən edirlər. Belə halların ifşa edilməsi, belə şəxslərin müəyyənləşdirilməsi üçün resurslar əldə olunur. Bu gün artıq onlayn qaydada elektron vasitələrlə sosial şəbəkə, internet resursları üzərindən qanunvericiliyin tələblərinin pozulması, hüquqazidd addımların atılmasının qarşısını almaq üçün həm resurslar əldə olunur, həm də mütəxəssislər cəlb olunur. Yəni bu, artıq cinayətkarlıqla mübarizə istiqamətində dövlət üçün prioritetlərdən birinə çevrilib. Məhz bu, az öncə qeyd etdiyim kimi, cəmiyyətin bəlasına çevrildiyinə, bir çox insanlar üçün ciddi problemlər yaratdığına görə təhlükəlidir. İnsanlar çox rahat şəkildə onlayn qaydada bu oyunlara qoşulurlar, böyük vəsaitlər qoyurlar və böyük pullar itirirlər. Təbii ki, burada qumarda həmişə gördüyümüz mənfi fəsadlar yaranır və bu, psixoloji travmalara, ailələrdə böyük faciələrə gətirib çıxarır. İnsanların böyük məbləğlərdə uduzduqlarına görə böyük borclarının yaranmasına, yekunda isə özlərinə qəsd etmə hallarına qədər gəlib çıxan vəziyyətlər baş verir.”
Hüquqşünas qeyd edib ki, belə halların qarşısının alınması üçün dövlət daha sərt addımlar atmalı, cəmiyyətin maarifləndirilməsi yönündə ciddi tədbirlər görülməlidir:
“Bütün bunların qarşısını almaq üçün təbii ki, cəzaların sərtləşdirilməsindən hələ ki daha optimal variant yoxdur. Çünki bu cəzaların sərtləşdirilməsi çox vaxt o qədər də müsbət nəticə ortaya qoymur. Azərbaycan məhz buna görə zaman-zaman dekriminallaşdırma, yəni əməllərin cinayətsizləşdirilməsi, cinayət qanunvericiliyindən çıxarılması istiqamətində addımlar atıb. Amma bu gün dünyada artıq çox mənfi bir trendə – dırnaqarası bir trendə çevrilib bu qumar oyunu, onlayn qumar oyunları, kazinolar. Bunun qarşısını almaq üçün hələ ki cəzaların sərtləşməsindən daha optimal, düzgün və uğurlu variant yoxdur. O baxımdan mən düşünürəm ki, bu istiqamətdə gələcəkdə yəqin ki, digər addımlar da atılacaq. Amma hər bir halda cəmiyyətdə bununla bağlı maarifləndirmə işləri görülməli, təbliğat aparılmalıdır. Həmin onlayn qumar oyunlarında iştirak edən şəxslərin acı təcrübələrindən nümunələr gətirilməlidir, hesab edirəm. Bu istiqamətdə layihələr işlənməlidir ki, cəmiyyətdə maarifləndirmə işləri aparılsın və insanlara çəkindirici istiqamətdə qanunvericilik çərçivəsində təsirlər göstərilsin. Hər bir halda bunlarla paralel şəkildə həm də qanunvericiliklə cəzaların sərtləşməsi istiqamətində tədbirlər görülür ki, insanlar bu yoldan çəkinsinlər.”
Nurlan Cəfəri













