Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın Baltik dənizində Qərb ölkələrinə qarşı hibrid hücumlarının davamlı təhlükəsi barədə xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, alman nazir bu bəyanatı AFP agentliyinə verib.
Rusiyanın Baltik dənizində həyata keçirdiyi hibrid hərəkətləri şərh edən Pistorius bildirib ki, bu hadisələr hər gün baş verir. O, həmçinin Almaniyada bəzi insanların bu təhlükəni hələ də qəbul etməməsini tənqid edib.
Pistorius NATO-nun baş katibi Mark Ruttenin Alyansın Baltik dənizi regionunda mövcudluğunu gücləndirmək təşəbbüsünü dəstəklədiyini də vurğulayıb.
Nazir deyib ki, bu, açıq bir siqnaldır:
“Biz Şimali Atlantika Alyansında təxribat və dağıdıcı hərəkətlərə dözməyəcəyik və onlara qarşı birgə və qətiyyətli addımlar atacağıq”.
Xatırladaq ki, dekabrın 25-də Estoniya ilə Finlandiyanı birləşdirən “Estlink 2” yüksək gərginlikli sualtı xətti mexaniki zərər görüb. Əsas ehtimal odur ki, bu zədə Rusiyanın “kölgə donanması”na aid edilən “Eagle S” tankerinin lövbəri ilə vurulub. Elektrik xətlərinin təmiri təxminən altı ay çəkəcək. Digər kabel insidentləri də qeydə alınıb.
www.yenicag.az