Almaniya Ukraynaya “Taurus” raketləri GÖNDƏRMƏYƏCƏK
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin verilməyəcəyini bəyan edib.
Yenicag.az xəbər verir ki, nazir bu barədə İngiltərənin “The Financial Times” qəzetinə verdiyi müsahibədə danışıb.
Pistorius qeyd edib ki, Almaniya ordusunun ehtiyatında olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin sayı da “tamamilə azdır” və buna görə Berlin bu sahədə əlavə yardım imkanlarını məhdud sayır. Lakin o, ABŞ-dən alınması planlaşdırılan 2 “Patriot” sisteminin Ukraynaya verilməsi təklifinin gündəmdə olduğunu və bu məsələni ABŞ müdafiə naziri ilə müzakirə edəcəyini bildirib.
Nazir eyni zamanda Avropanın silah sənayesinə də çağırış edərək, istehsalçıları məsuliyyətli davranmağa və şikayət etmək əvəzinə real nəticə göstərməyə dəvət edib.
“Artıq şikayət etməyə əsas yoxdur. Almaniya hökuməti yüz milyardlarla avro dəyərində yeni hərbi xərclər üçün imkan yaradıb. Müdafiə sektoru da öz öhdəliklərini yerinə yetirməlidir”, – deyə Pistorius vurğulayıb.
Almaniya müdafiə nazirinin bu açıqlamaları Rusiyanın Ukraynaya qarşı hücumlarını intensivləşdirdiyi bir dövrə təsadüf edir. Bununla belə, Berlin Kiyevə “Taurus” raketləri göndərmək niyyətində olmadığını bir daha təsdiqləyib.
Göycə Göycəyev