Almaniyada yüz minlərlə şəxs işsiz qala bilər: İqtisadi tənəzzül riski
Almaniyada İran ətrafındakı münaqişənin səbəb olduğu yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədar yükdaşıma sahəsində təxminən 100 min iş yeri itirilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Federal Yük Avtomobilləri ilə Daşımalar, Logistika və Tullantıların Utilizasiyası Assosiasiyasının rəhbəri Dirk Engelhardt “Bild” nəşrinə məlumat verib.
Bu, ölkədəki bütün yük avtomobili sürücülərinin, demək olar ki, 15 %-ni təşkil edir. Qəzet qeyd edib ki, əgər bu iş yerləri yox olsa, Almaniyanı supermarket rəflərinin boşalması, zavodların dayanması və daha böyük iqtisadi tənəzzül təhlükəsi gözləyir. Hadisələrin bu cür inkişafının səbəbi kimi İran ətrafındakı münaqişənin doğurduğu yanacaq qiymətlərinin sürətli artımı göstərilir.
İran ətrafındakı münaqişə fonunda bütün Almaniya üzrə benzin və yanacaq qiymətləri kəskin bahalaşıb. Aprelin 2-də Almaniyada dizel qiymətləri əvvəlki maksimumu yeniləyərək yeni rekord həddə çatıb – gün ərzində bir litrin qiyməti 2,346 avro təşkil edib. “Super E10” markalı benzin də bahalaşmağa davam edərək illik maksimuma – litri 2,141 avroya çatıb.













