"Amerikanın məqsədi İranı Rusiya əleyhinə poliqona çevirmək idi" – TƏHLİL
“İran hər dövrdə öz müttəfiqi olan Rusiya ilə müntəzəm görüşərək ali dini rəhbərin mövqeyini çatdırır.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq Abbas Əraqçının Rusiya lideri ilə müntəzəm görüşdüyünü, əvvəllər Əli Xamneyinin, indi isə yeni lider Müctəba Xamneyinin və dövlət başçısının müharibə, eləcə də digər strateji məsələlərlə bağlı mövqeyini qarşı tərəfə ötürdüyünü vurğulayıb:
“İranda baş verən hadisələr həm regional, həm də geosiyasi baxımdan dünyanın iqtisadi-siyasi sisteminə ciddi təsir göstərməkdədir. Onu qeyd edim ki, İranın da ABŞ kimi öz müttəfiqləri var. İran həm Rusiya, həm də Çinlə müttəfiqlik münasibətlərindədir. Bu baxımdan, İranda cərəyan edən prosesləri öz müttəfiqləri ilə müntəzəm şəkildə məsləhətləşir, qarşılıqlı informasiya mübadiləsi aparırlar.
Qeyd edim ki, Amerikanın məqsədi İranı nəzarətə götürərək, ondan Rusiya əleyhinə istifadə etmək idi. Ona görə ki, “Şimal-Cənub” dəhlizi Rusiya üçün xüsusi strateji əhəmiyyət daşıyır. Rusiyanın Avropa ilə əlaqələri məhdudlaşdığı üçün cənub cinahı İran üzərindən Fars körfəzinə, oradan isə Hind okeanına çıxır.
Buna görə də İran rəsmiləri müntəzəm olaraq Rusiya tərəfi ilə görüşüb fikir mübadiləsi aparır və xarici siyasətdə paralel mövqe nümayiş etdirirlər. Düşünürəm ki, bu görüşlərdə həm prezidentin, həm də ali dini liderin mövqeyi Rusiya rəhbərliyinə çatdırılır, qarşılıqlı koordinasiyalı siyasət həyata keçirilir. Hesab edirəm ki, İran rəsmisinin Rusiyaya son səfəri də gələcək fəaliyyətləri əlaqələndirmək və ortaq mövqe nümayiş etdirmək məqsədi daşıyır.”
Nurlan Cəfəri













