“Amerikaya güvənmək olmaz”
İran parlamenti sədrinin müavini Həsən Əbuturabifərd noyabrın 25-də jurnalistlərə açıqlamasında ölkənin Qərblə apardığı nüvə müzakirələrindən danışıb.
Həsən Əbuturabifərd deyib ki, 5 1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) ilə aparılan nüvə danışıqları bir daha hamıya dərs olmalıdır: “Bu dərs bir daha sübut etdi ki, Amerikaya heç cür inanmaq və ona güvənmək olmaz. Amerikayla yalnız zor və qüdrət dili ilə danışmaq olar. Buna nail olmaq üçün isə biz daxili imkanlarımıza və gücümüzə söykənməliyik”.
5 1 qrupunun (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla apardığı nüvə danışıqları bu il noyabrın 24-də bitməli idi. Ancaq noyabrın 24-də Vyanada danışıqlar aparan nümayəndə heyətinin üzvləribelə razılığa gəliblər ki, müddəti 7 ay uzatsınlar. Danışıqların növbəti mərhələsi yaxın həftələrdə başlanacaq.