Ermənilər tərəfindən əsir götürülən yaralı əsgər Amin Musayevin Azərbaycana qaytarılması ilə bağlı yalan məlumatlar yayılır.
Yenicag.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Amin Musayevin qohumu Nübar Abadova deyib.
O bildirib ki, bəzi saytlar və sosial şəbəkə istifadəçiləri heç bir fakta əsaslanmadan Amin Musayevin əsirlikdən qaytarıldığını deyir: “Bildirmək istəyirəm ki, Amindən heç bir məlumat yoxdur. O qaytarılmayıb və hələ də əsirlikdədir. Aminin anası onkoloji xəstədir, vəziyyəti pisdir. Bu cür əsassız məlumatlar yaymaqla onun vəziyyəti daha da pisləşir. Bu cür məlumatlar bizi daha da narahat edir. Sosial şəbəkələrdə video yayıblar ki, guya Amin qaytarılıb, anası ilə görüşür. Bu tam yalan informasiyadır. Videodakı əsgər Amin Musayev deyil. Hamıdan artıq dərəcədə xahiş edirik, rəsmi olmayan məlumatlar yayıb bizim vəziyyətimizi daha da gərginləşdirməsinlər. Aminin anası hər o xəbəri eşidəndə vəziyyəti kritik olur”.
www.yenicag.az