Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.
Yenicag.az xəbər verir ki, Forumu açıq elan edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirakçıları salamlayaraq onlara qatıldıqları üçün təşəkkür edib. Aqil Ələsgər Forumun önəminə diqqət çəkib və hər iki ölkə mediasının birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb:
“Azərbaycan və Türkiyə arasında qardaşlıqdan strateji müttəfiqliyə keçid var. İnanırıq ki, bizim bu Forum da yeni iş birliklərinə imkan açacaqdır. Verdiyi dəstəyə görə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə təşəkkürümüzü bildiririk”.
Çıxış edən AYD sədri Sinan Burhan informasiya savaşında güclü olmağı zamanın tələbi kimi qeyd edib:
“Bu gün burada çox önəmli toplantı reallaşdırırıq. Toplantının önəmi Türkiyə-Azərbaycan qardaşlığının köklərinin dərində olmasından qaynaqlanır. Qarabağ zəfəri zamanı informativ savaş yaşandı. Bizim burada üzərimizə düşən vəzifə budur ki, informasiya savaşında güclü olmalıyıq. Əgər bu mənada uğur qazanmazsanız, haqlı ikən haqsız duruma düşə bilərsiniz”.
ATEV sədri Tənzilə Rüstəmxanlı isə çıxışında Azərbaycanla-Türkiyənin tarixi bərabərliyini diqqətə çatdırıb, hər iki ölkə arasında ruh bağının olduğunu vurğulayıb:
“Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi bu qədər birlikdə olmamışdı. Türkiyə hər bir zaman Azərbaycanın yanında oldu. Azərbaycan da Türkiyənin olmadığı yerdə “Mən varam” dedi. Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var. Nuri Paşanın əsgərlərinin ruhu bayrağımızın üstündədir. Azərbaycan da Çanaqqala savaşında Türkiyə üçün şəhid verib. Bizi şəhidlərimizin ruhu da bağlayır”.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı media sahəsində dezinformasiyanın aktual problem olduğunu bildirib. Səfir qeyd edib ki, bu kimi layihələr akademik çevrələrdə də təşkil edilməlidir:
“Həqiqətən, Forumu son dərəcə önəmli bir dönüm nöqtəsində gerçəkləşdiririk. Bu da Şuşa Bəyannaməsinin birinci ildönümünü yaşamağımızdır. Belə layihələrin yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir. Yoxsa dezinformasiya və məlumat çirkliliyi beyinlərimizi zəhərləməkdədir. Buna görə də aktiv olmalı, daha çox əmək sərf etməliyik”.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli media sahəsindəki hədəflərin dəqiq və aydın olduğunu bildirib:
“Bu gün digital faşizmlə üz-üzəyik. Biz bu gün rəqəmsal faşizmlə mübarizə aparırıq. Azərbaycanın, türk dünyasının daxilinə yönəlik müxtəlif propoqanda məhsulları yönləndirilir. 44 günlük müharibədən önəmli dərslər çıxardıq.
Düşünürük ki, dünya səsimizi eşidir, ancaq səsi dərk edib qavrayırmı, onların ədalətinə qalıbdır. Bizim Türkiyə ilə strateji planlamalarımız var. Buna uyğun şəkildə konkret addımlar atacağıq. İri informasiya agentliklərimizlə anlaşma memorandumu imzalanıb”.
Rəsmi çıxışlardan sonra Forum öz işini “Qarabağ Zəfərində Azərbaycan-Türkiyə Mediasının Rolu” və “Türk Dünyası Media Əməkdaşlığı Axtarışları” başlıqlı panel müzakirələrilə davam etdirib.
“Ülke TV”nin rəhbəri Həsən Öztürkün moderatorluğu ilə keçirilən birinci paneldə millət vəkili Sabir Rüstəmxanlı, “Takvim” qəzetinin Ankara nümayəndəsi Əkrəm Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Atəşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Müzakirədə Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında hər iki ölkə mediasının gördüyü işlər ətrafında fikir mübadiləsi aparılıb.
Emin Pazarcının moderatorluğu ilə keçirilən ikinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Ər, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Qaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivləri haqqında müzakirələr aparıblar.
Qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə Şuşaya səfər təşkil ediləcək. Səfərdə jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır.
www.yenicag.az