!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ANAMA-nın direktoru: “Əhali kənar yollarla işğaldan azad olunan minalı ərazilərə daxil olur” - MÜSAHİBƏ / FOTO

!Reklam – Yazi

Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə ataraq yaşamaları bu sevincə kədər qatır.

Son günlər vətəndaşlarımızın işğaldan azad olunan dədə-baba torpaqlarına qeyri-leqal yollarla girməsi bədbəxt hadisələrin yaşanmasına səbəb olub. Çünki, bu ərazilər hələ düşmənlərin yerləşdirdiyi minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan tam təmizlənməyib və təhlükəsiz səfərlər üçün hələ tam şərait yaradılmayıb.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovla həmsöhbət olduq.

Oxu.Az ANAMA-nın direktoru Qəzənfər Əhmədovla müsahibəni təqdim edir:

– Təəssüf ki, bu gün işğaldan azad olunmuş ərazilərə giriş qadağan olunsa da, vətəndaşlar bu çağırışlara məhəl qoymur.

– Bəli, çox üzücü bir mövzudur ki, vətəndaşlarımız xəbərdarlıqlara məhəl qoymadan həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atmağa davam edirlər. Bu günə qədər vətəndaşların qeyri-leqal şəkildə işğaldan azad olunan ərazilərə girişi nəticəsində bədbəxt hadisələr qeydə alınıb.

İlk dəfə noyabrın 14-də saat 16:30 radələrində iki vətəndaşımız Füzuli rayonun işğaldan azad olunan Alxanlı kəndinə, mülki əhalinin girişinin qadağan olunduğu təhlükəli əraziyə daxil olublar.  Məlum olub ki, onlar iki qardaş – Yasin Əhmədov və Asif Əhmədov olub.

İki qardaş minaya düşüblər və nəticədə onlardan biri yerində ölüb, digəri isə ağır yaralanıb. Dərhal əraziyə ANAMA-nın əməkdaşları göndərilib. Xilasetmə əməliyyatı zamanı ANAMA-nın öz əməkdaşı vəzifə borcunu yerinə yetirən zaman Asəf Quliyev düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə aldığı xəsarət səbəbindən sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Bu kimi halların yaşanmaması üçün aidiyyəti qurumların, eləcə də bizim tərəfimizdən əhaliyə müraciət edilir.

– Bu kimi hallarla bağlı konkret faktların sayı varmı?

– Əslində bu kimi faktların sayının artmasını istəmirik. Amma daha bir fakt noyabrın 28-i saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində yenə də mülki əhalinin girişinin qadağan olunduğu ərazidə bədbəxt hadisə qeydə alınıb. Bu barədə ANAMA-ya daxil olan müraciət əsasında, xilasetmə operativ əməliyyat axtarış qrupu hadisənin baş verdiyi əraziyə yollanıb.

Aparılan tədqiqat zamanı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşərək partladığı məlum olub. Hadisə nəticəsində avtomobildə olan Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı həlak olublar. Onların cəsədlərinin ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilməsi üçün xüsusi təhlükəsizlik zolağı açılıb.

– Bəs bu ərazilərə girişlərdə nəzarət yoxdurmu?

– Siz də bilirsiz ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq, işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Həmin rayonların ərazilərinə girişlərdə polis postları qurulub. Əmin ola bilərsiz ki, əraziyə xüsusi buraxılışı olan şəxs və nəqliyyat vasitələrinin girişinə icazə verilir. Onların isə təmizlənmiş və işarələnmiş xüsusi zolaqlarla hərəkətinə icazə verilir. Yəni, ərazilərə giriş bizim və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 24 saat ərzində qorunur.

Siz təsəvvür edirsiz, mövsümlə əlaqəli olaraq hava şəraiti dəyişir. Polis əməkdaşları ilə birlikdə soyuq havalarda gecə-gündüz demədən, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

– Dediyiniz şərtlərdə mülki əhalinin icazəsiz əraziyə daxil olması qeyri-mümkün görünür. Bəs insanlar bu əraziyə necə gəlib çıxıb?

– Bilirsiz, onlar Füzuli rayonunun yaşayış olan ərazilərində yaşayan və bu yerlərdə yaxşı bələd olan mülki əhalidir. Onlara dəfələrlə deyilir ki, rayonun işğaldan azad olunan ərazilərində düşmən tərəfindən minalar, partlamamış hərbi sursatlar yerləşdirilib. Orada ciddi şəkildə təhlükə var. Təəssüf ki, insanlar bu ərazilərə rəsmi yollardan deyil, kənar, digər kənddaxili yollardan keçərək gəlirlər. Yerli sakinlər nə qədər riskli, həyati təhlükəsi olan əraziyə daxil olduqlarının fərqində deyillər.

– Bu cür faktlar günün birinci yoxsa ikinci yarısı daha çox aşkarlanır?

– Gecə saatlarında deməzdim. Qeydə alınan hər iki bədbəxt hadisə günün ikinci yarısı saat 15.00-17.00 radələrində baş verib. Bu məsələlərlə bağlı ictimiayyətin ağlında cavabsız suallar qalmasın deyə, mən bu barədə keçirilən brifinqdə də məlumat verdim. Hüquq-mühafizə orqanları və bizim əməkdaşlar tərəfindən vətəndaşlara heç bir güzəştdən söhbət belə gedə bilməz.

Sadəcə ərazidə yaşayan əhali bu yerlərə bizdən daha çox bələddir yəqin ki. Həmin bildikləri yollardan istifadə edərək həmin qadağan olan ərazilərə keçərək dədə-baba yurdlarını görmək istəyirlər, bəlkə də qəbiristanlığı ziyarət etmək istəyirlər. Biz onları başa düşürük, amma bütün hallarda bu onların həyatı üçün təhlükəlidir. Dəfələrlə bu əraziyə girməyə cəhd edən şəxslərin qarşısı alınıb.

Xatırladaq ki, mülki əhalinin icazəsiz və digər yollarla postlardan yayınaraq, işğaldan azad olunan ərazilərə daxil olması qanun pozuntusu hesab edilir.

İcazəsiz olaraq işğaldan azad olunan ərazilərə girən və ya girməyə cəhd edən şəxs və ya şəxslər barəsində qanunun müvafiq normaları çərçivəsində tədbirlər görülür və görüləcək./Oxu.az/

www.yenicag.az

1069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv