Türkiyənin Bəşər Əsəd rejiminə müxalif qüvvələrlə birlikdə Suriyada növbəti irimiqyaslı hərbi əməliyyata başlamasının qaçınılmaz olduğu bildirilir.
Yenicag.Az xəbər verir ki, terrorçu PKK-nın Suriya qolu olan YPG-nin Türkiyə sərhədlərinə yaxın bölgələrdə fəallaşması, hətta qardaş ölkənin ərazisini atəşə tutması rəsmi Ankaranı bu istiqamətdə qəti addımlar atmağa sövq edir.
Türkiyənin bu çərçivədə görəcəyi tədbirlər sırasında Ankaranın Suriya ərazisində “Fərat qalxanı” tipli yeni irimiqyaslı hərbi əməliyyat keçirməsi ehtimalı önə çıxır. Hətta bir müddət əvvəl mətbuatda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Suriyaya müdaxiləni nəzərdə tutan “Dəclə qalxanı” əməliyyatı hazırladığı haqda məlumatlar da yayılmışdı.
Lakin ABŞ-ın terrorçu YPG-yə hərtərəfli dəstəyi, bu təşkilatı ən müasir silahlarla təchiz etməsi Türkiyənin belə bir əməliyyata başlamazdan əvvəl ciddi hesablamalar aparmasını zərurətə çevirir. O baxımdan, Ankaranın Ağ Evin mövqeyinə zidd olaraq, Suriyada yeni hərbi əməliyyata başlamasının mümkünlüyü maraqlı görünür.
Mövzunu Yenicag.Az-a şərh edən politoloq Natiq Mirinin fikrincə, Türkiyənin Suriyaya növbəti hərbi müdaxiləsi qaçınılmazdır və Ankara bu dəfə də Vaşinqtonun mövqeyinə əhəmiyyət verməyəcək:
“Nəzərə almaq lazımdır ki, Türkiyənin Suriyanın müəyyən bölgələrində hərbi fəallıq göstərməsi zərurətdən irəli gəlir. Bu, Türkiyənin öz təhlükəsizliyini təmin etməsi baxımından, çox vacibdir.
Sərhəddə yerləşən kürd terrorçularının son zamanlar Türkiyə ərazisini artilleriya atəşinə tutmaları da Ankaranın bu addımlarının əsaslı olduğunu göstərir. Ona görə də, Türkiyəyə əks qüvvələrin müxtəlif bəhanələrinə və təkidlərinə baxmayaraq, Ankaranın Suriyaya yeni hərbi müdaxiləsi doğru addım olardı.
Onsuz da bu qarşıdurmaya cəlb olunmuş Türkiyə öz daxilində müəyyən itkilər verməkdədir. Hər halda, Türkiyə ölkə daxilində itkilərə məruz qalmaqdansa, yeni hərbi müdaxilə sayəsində öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək və terrorçuları on kilometrlərlə məsafəyə geri oturdacaq.
Qlobal güclər Türkiyə sərhədlərində terrorçuların nəzarətində bir dövlət yaratmağa çalışırlar. İraqı da o terror dövlətinin ağuşuna alaraq, Suriya ərazisində bir kürd dəhlizi yaratmaq, onun vasitəsilə Aralıq dənizinə çıxış əldə etmək və beləliklə, bölgənin karbohidrogen ehtiyatlarını Qərb bazarına çıxarmaq istəyirlər.
Əlbəttə, Türkiyə öz sərhədləri yaxınlığında belə bir terror dövlətinin yaradılmasına heç vəchlə razı ola bilməz. Ona görə də, Ankara o qlobal layihənin birinci mərhələsini Suriyaya yerində edilmiş hərbi müdaxilə ilə tamamilə pozdu. Ancaq bununla belə, bölgədəki kürd terrorçularının yenidən aktivləşdirildiyini görürük.
Son zamanlar ABŞ-ın özü də YPG başda olamaqla, kürd terrorçularını ciddi şəkildə silahlandırır. Bu amil kürd terrorçularının Türkiyə üçün yaratdığı təhlükəni daha da artırıb. Ona görə də, Türkiyə üçün Suriyaya yeni hərbi müdaxilədən başqa seçim qalmayıb.
Təbii ki, Vaşinqton bundan məmnun qalmayacaq. Ancaq ABŞ kürd terrorçularını silahlandıranda, nədənsə, Ankaranın rəyini qətiyyən nəzərə almırdı. Belə olan təqdirdə, ABŞ NATO üzrə müttəfiqi olan Türkiyəyə qarşı təhlükəli oyun oynayırsa, təbii ki, Ankara da geosiyasi maraqlarını əsas götürərək, öz təhlükəsizliyini təmin etmək məcburiyyətindədir.
Bu səbəbdən, Türkiyənin Suriyaya mümkün hərbi müdaxiləsi zamanı ABŞ-ın rəyi nəzərə alınmayacaq. Çünki Türkiyə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsində təsbit edilmiş müddəalara uyğun davranacaq. Fikrimcə, Türkiyənin Suriyaya yeni hərbi müdaxiləsi özünü çox da gözlətməyəcək”.
Politoloqun fikrincə, Türkiyə bu məsələni artıq Rusiya ilə razılaşdırıb:
“Hiss olunur ki, Ankaranın bu hərbi planı Moskva ilə də razılaşdırılıb. Ona görə də ABŞ-la kürd terrorçularının bütün istəklərinə baxmayaraq, hərbi əməliyyat gerçəkləşəcək və YPG-nin yerləşdiyi ərazilər terrorçulardan tamamilə təmizlənəcək. Fikrimcə, bu halda digər ölkələr Türkiyənin yaratdığı prosesin arxasında sürünməli olacaqlar”.
ELÇİN
Yenicag.Az