Türkiyəni qana boyayan Ankara terroru ilə bağlı maraqlı detaylar ortaya çıxmaqdadır. Öncəliklə, qeyd etməliyik ki, terrorun hədəfi Türkiyə dövlətidir. Bu Türkiyənin Suriya məsələsində tutduğu mövqe və xüsusilə Rojavada kürd dövlətinin qurulmayacağına dair sərt mesajlarına adekvat cavab sayıla bilər. Terrorun baş verdiyi MƏKAN mesajın türk dövlətinə verildiyini açıq şəkildə göstərir. Belə ki, hadisə Türk Silahlı Qüvvələrinin Baş Qərarahı ilə ordu qüvvələrinin qərargahlarının tam mərkəzində, Türkiyə parlamenti və Daxili İşlər Nazirliyinin yaxınlığında – “Dövlət” məhəlləsində baş verib.
Hadisənin günü də çox önəmlidir. 17 fevral Türkiyənin Jandarma Qoşunlarının mərhum komandanı Əşrəf Bitlisin sui-qəsdə uğradığı gündür. 23 il öncə PKK-nı bitirmək əməliyyatını aparan Əşrəf Bitlisin sui-qəsdə uğradığı günün seçilməsi də göstərir ki, PKK və PYD vasitəsi ilə Türkiyə dövlətinə mesaj verilir. Mesaj da Türkiyənin Suriya məsələsində ABŞ-ın da razılaşdığı Rojava variantını qəbul etməsidir ki, türk tərəfi bununla razılaşmır.
***
Hadisəni törədən şəxsin Suriya kürdü olan PYD/YPG üzvü Salih Nəcar olduğu da iddia olunur. Hələlik bu məlumat təsdiqini tapmayıb. Fəqət polis kəşfiyyatından sızan məlumatlar bu yöndədir. Qeyd olunur ki, Salih Nəcarın idarə etdiyi bomba yüklü avtomobil İzmirdə “Renta Car”dan icarəyə götürülüb.
***
28 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı bildirilən terror hadisəsindən sonra polis və hərbçilər fövqəladə iş rejiminə keçiblər. Gülhanə Tibb Akademiyasında yüzlərlə yaralının olduğu bildirilir.
***
Ankarada yeni terror hadisələrinin olacağı da gözlənilir. Belə ki, polis və kəşfiyyat qurumlarından sızan bilgilərə görə, bu həftə ərzində Ankarada bir sıra mühim obyektlər hədəf seçiləcək. İnsanların daha sıx olduğu Alışveriş Mərkəzlərinin hədəf seçiləcəyi vurğulanmaqdadır. Bununla da Türkiyədə xaos və çaşqınlıq yaratmaq niyyətindədirlər.
Mövzu diqqətimizdədir…
Aqil Ələsgər
Ankara, Türkiyə
www.yenicag.az