Dünəndən bu günə antiterror əməliyyatı artan templə davam edir.
Azərbaycan Ordusu bütün vasitələrdən istifadə edərək separatçıların hərbi hədəflərini vurur. Nəticələr var! 44 günlük müharibədə olduğu kimi kənd, qəsəbə, rayon adlarının açıqlanacağını gözləmirəm. Çünki bu antiterror əməliyyatının gedişi fərqli şeylər deyir.
Xəritə üzərində əslində hər şey daha aydın görünür. 44 günlük müharibə əgər yüksəkliklər və strateji mövqelər üzərindən aparılırdısa, bu dəfə tamamilə fərqli iş görülür: yolları kəs, zərbələr endir, ya təslim ol, ya da məhv ol.
Bu əməliyyat ağırlığına görə 44 gündən heç də geri qalmır. Əksinə, şiddətinə, tempinə görə daha ağırdır.
Əməliyyatın ağırlığının müxtəlif səbəbləri var. Relyef çox çətin, meşə sıx, hava şəraiti əlverişsizdir. Digər ağırlaşdırıcı hal isə mülkilərdir. Azərbaycan Ordusu ancaq hərbi hədəflərə fokuslanıb. Bunu separatçılar da bilir. Ona görə rahat davranırlar. Dünəndən bu günə dəyişən əsas şey qarşı tərəfin müqavimətinin zəifləməsidir.
İnsanlarımız çox tələskəndir. Hər şeyin anidən bitməsini istəyirlər. O qədər müharibədən bixəbər “erməni qaçırdı, biz də qovalayırdıq” deyənlərin nağıllarına qulaq asıb ki, elə bilirlər, müharibə qaçdı-tutdu oyunudur.
Separatçıların müqavimət göstərməkdən başqa şansları yoxdur. Müqavimətsiz onları heç kim qəbul etməyəcək.
Bu yazı qaramsal kimi görünə bilər, ancaq çətinliyin səbəblərini anlatmasam olmazdı.
Gələk digər məsələlərə.
Ordu öz işini yüksək səviyyədə görür. Rast ki, separatçılar bu yolu seçib, seçdikləri yola uyğun da cəzalandırılırlar. Separatçı qüvvələr çox ciddi itkilərə məruz qalıblar. Buna şəxsi heyət və hərbi texnikalar daxildir. Hərbçilərlə görüşdə gəldiyim qənaət odur ki, məsələni tamamilə yekunlaşdırmağa fokuslanıblar.
Mülki əhali arasında isə təlaş, panika və həyəcan hiss olunmur.
Azərbaycanın əlinə tarixi fürsət düşüb, düşünürəm ki, bundan tam yararlanacaq.
Səxavət Məmməd
www.yenicag.az