Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenicag.az-a verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Daşkəsən rayonunun T.İsmayılov küçəsi, 21 ünvanında fəaliyyət göstərən “Dokta” MMC-yə məxsus aptekdə yoxlama aparılıb.
Yoxlama zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar olunub. Aptekdə satışı həyata keçirilən “Tempukan” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun istifadə təlimatında qanunvericiliyə zidd olaraq, həmin məhsulun insan xəstəliklərinin qarşısının alınması və müalicə xüsusiyyətlərinə malik olması barədə qeydlərin yazıldığı müəyyən edilib. Həmçinin qablaşdırılma üzərində və istifadə təlimatında məhsulun istifadə qaydası barədə dəyişdirilmiş məlumatların verildiyi aşkar olunub.
Eyni zamanda, aparılan araşdırma çərçivəsində “Tempukan” məhsulunun “Nes Group” MMC tərəfindən ölkəyə gətirildiyi müəyyən edilib. Həmçinin idxal zamanı həmin bioloji aktiv qida məhsulunun qablaşdırılması üzərindəki etiketin və istifadə təlimatının qanunvericiliyə uyğun olaraq təmin edildiyi, lakin sonradan idxalçı tərəfindən məlumatlar dəyişdirilərək məhsulların satışa göndərildiyi aşkar olunub.
Aşkarlanmış faktlarla əlaqədar “Dokta” MMC-yə məxsus aptekin vəzifəli şəxsi və “Nes Group” MMC-nin rəhbərliyi barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda, “Dokta” MMC-də aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. “Nes Group” MMC ilə bağlı isə istifadə təlimatında və qablaşdırılması üzərində müxtəlif xəstəliklərin qarşısının alınmasına dair qeydlərin yazılması, eləcə də istehsalçı tərəfindən tövsiyə edilən istifadə qaydasının dəyişdirilməsi ilə əlaqədar həmin məhsul partiyasına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunması və məhsul partiyasının dövriyyədən geri çağırılması ilə bağlı qərarlar qəbul edilib.
www.yenicag.az