Son günlər əksər vətəndaşlar apteklərdən istədikləri dərmanları tapmaqda çətinlik çəkirlər. Xüsusilə uşaqlar üçün qızdırma salan preparatların, siropların tapılmaması narazılıq yaradır. Bu dərmanlara “Panadol”, “Nurofen”, “İbufen” kimi dərmanların tapılmamasını misal göstərmək olar. Apteklərdə isə vətəndaşa lazım olan dərmanın əvəzinə başqa əvəzedici pereparatlar təklif edilir. Həmin dərmanların qiyməti isə heç də ucuz olmur.
Yenicag.az xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla öz fikirlərini bölüşüb.
Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində yaşanan dərman qıtlığının yaşanması ölkəmizə təsirsiz ötüşmür. Bu baxımdan lazım olan dərmanların yerinə əvəzediciləri gətirilir:
“Bu gün siropların, uşaq dərmanlarının və Ukraynadan gələn bəzi pereparatların tapılmaması müşahidə olunur. Xüsusən də ölkəmizdə antibiotiklərdən çox istifadə olunur. Ona görə də antibiotiklərin aptek şəbəkəsinə satışı ləğv olunmalıdır. Dünyanın heç bir ölkəsində aptekdən antibiotik ala bilməzsiniz. Bir sıra dərman vasitələri İcbari Tibbi Sığorta paketinə daxil edilərsə, qıtlığın qarşısını almaq mümkün ola bilər. Dərman qıtlığının yaranmasının qarşısını almaq və qiymətlərin tənzimlənməsi üçün Səhiyyə Nazirliyi, Nazirlər Kabineti, Maliyyə Nazirliyi məsuliyyət daşımalıdır. Dərman vasitələrinin idxalı ilə məşğul olan şirkətlər kommersiya şirkətləridir. Səhiyyə Nazirliyi bu məsələdə bir moderator və koordinator rolunu oynamalıdır”.
Gülşən Şərif