“Artıq pulumuz qalmayıb” – Fransa Mərkəzi Bankının sədri
Fransa Mərkəzi Bankının sədri Fransua Villerua de Qalo ölkənin maliyyə durumu ilə bağlı narahatedici bəyanat verib.
Yenicag.az xəbər verir ki, RTL kanalında çıxış edən Bank sədri, Fransız hökumətinin vətəndaşlara təklif edəcəyi hər hansı yeni yardım paketinin onsuz da kritik həddə olan iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayıb.
O, Yaxın Şərqdəki münaqişələr fonunda neft bazarlarındakı qeyri-sabitliyə qarşı hökumətin planlaşdırdığı yanacaq yardımı proqramının dövlət borcunu daha da artıracağı barədə xəbərdarlıq edib. Bank sədri mövcud maliyyə durumu ilə bağlı “Artıq pulumuz qalmayıb” ifadəsini işlədib.
Villerua de Qalo hökumətin iqtisadi siyasətinə dair sərt xəbərdarlıqlarını belə davam etdirib:
“Əgər büdcə kəsirini və borcları daha da artırsaq, bu, uzunmüddətli (10 il və üzəri) faiz dərəcələrinin yüksəlməsinə səbəb olacaq. Bu isə birbaşa fransız xalqını cəzalandırmaq deməkdir”.
Mərkəzi Bankın rəhbəri enerji böhranının həlli üçün dövlət tərəfindən verilən birdəfəlik yardımlar yerinə, enerji keçidi sahəsinə uzunmüddətli investisiyaların qoyulmasının daha səmərəli olacağını qeyd edib.
Statistik məlumatlara görə, Fransanın dövlət borcunun ÜDM-ə nisbəti 111,7%-ə yaxınlaşır ki, bu da ölkəni Avropa İttifaqı daxilində ən çox borcu olan dövlətlər siyahısına salır. Hazırda borcun idarə edilməsi hökumət ilə müxalifət arasında büdcə müzakirələrinin ən gərgin və uzlaşılmaz olduğu əsas mövzudur.
Yenicag.az













