27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 27 aprel tarixində vətəndaşlar tərəfindən ümumilikdə 12458 onlayn növbə götürülüb. Bunlardan 8827-si (71%) mərkəzlərə gələrək xidmətlərdən istifadə edib, 3631-i (29%) növbə alıb, lakin xidmət üçün mərkəzə gəlməyib. Onlayn növbə almaqla xidmətlərdən istifadə edən vətəndaşların 3883 nəfəri (43%) təyin olunmuş vaxtdan təxminən 2 saat öncə mərkəzə gəlib, 497 vətəndaş isə təyin olunmuş vaxtdan gec gəlib.
Aparılmış təhlillər nəticəsində aşkar edilmiş hallar onu deməyə əsas verir ki, vətəndaşların təyin edilmiş vaxtlarda gəlməməsi mərkəzlərdə insanlar arasında təmasın minimallaşdırılması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, eləcədə digər vətəndaşların xidmətlərdən rahat istifadə etməsi və növbə götürməsi üçün çətinliklər yaradır.
Qeyd olunanları nəzərə alaraq vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qəbulu ilə bağlı qaydalar diqqətə çatdırılır:
– Vətəndaşlar təyin edilmiş növbə vaxtının bitməsindən ən tezi 30 dəqiqə ərzində mərkəzdə ola bilərlər. Daha tez gələn vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar. Eyni zamanda növbə vaxtının bitməsindən ən çox 10 dəqiqə gec gələn vətəndaşların onlayn növbələri ləğv ediləcək;
– Maskadan istifadə etməyən vətəndaşlar mərkəzlərə buraxılmayacaqlar;
Xahiş olunur ki, “ASAN xidmət” mobil tətbiqində növbə götürmüş, lakin hər hansı səbəbdən mərkəzə gələ bilməyən vətəndaşlar növbədən imtina etsinlər.
Vətəndaşlarımıza tövsiyə olunur ki, yalnız zərurət halında “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət üzrə onlayn növbə götürsünlər. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.