“Qan mağarası”nda dəhşətli insan qurbanı ritualı üzə çıxarıldı - FOTO
Qvatemalada yerləşən qədim mağarada aparılan arxeoloji qazıntılar zamanı təxminən iki min il əvvəl yağış tanrısı Çaakı razı salmaq üçün həyata keçirilən vəhşi insan qurban ritualına dair yeni sübutlar aşkarlanıb.
Yenicag.az xəbər verir ki “Qan mağarası” kimi tanınan “Cueva de Sangre” adlı ərazi ilk dəfə 1990-cı illərdə Peten bölgəsindəki araşdırmalar zamanı kəşf edilsə də, tapılan sümüklər yalnız son illərdə ətraflı təhlil edilib.
Arxeoloqlar mağaranın döşəməsində uşaqlara və böyüklərə aid 100-dən artıq parçalanmış sümük fraqmentləri aşkarlayıblar. Travmatik zədələnmə izləri daşıyan sümüklər onların ritual məqsədi ilə hissələrə ayrıldığını göstərir.
Məsələn, bir körpəyə aid çanaq sümüyündə və bir kəllə parçasında balta izləri müşahidə olunub.
Mağarada, eyni zamanda, obsidian bıçaqlar və qırmızı boya kimi ayinlərdə istifadə olunan əşyalar da tapılıb. Sümüklərin yerə səpələnməsi və bəzilərinin qəribə şəkildə düzülməsi bu məkanın qurbanvermə mərasimləri üçün istifadə edildiyini gücləndirir.
Tədqiqatçılar bildirir ki, qədim Mezoamerika mədəniyyətində yeraltı dünya müqəddəs sayıldığı üçün insan qalıqlarının mağaralarda toplanması xüsusi mədəni əhəmiyyət daşıyırdı.
Təxminlərə görə, bu ritual sahəsi eramızdan əvvəl 400 ilə eramızın 250-ci illəri arasında istifadə olunub.