“Aşıq Namiq deyir ki, Kəramət məni vurduğuna görə atasına vəzifə verdilər”
“Mənim atamın 65 yaşı var. Düz 40 ildir ki, bədii yaradıcılıqla məşğuldur. Şeirləri dünyanın 30-dan artıq dilinə tərcümə olunub. Sovet vaxtından indiyə kimi 50 kitabı çap olunub. 2007-ci ildə Hollandiyada keçirilən Beynəlxalq şeir fesivalında Azərbaycanı təmsil eləyib. 20 ildir Yazıçılar Birliyində 350 manat maaşa işləyir. Amma 40 illik yaradıcılığı, şeirləri, nəsr əsərləri olan bir şair təəssüflər olsun ki, cəmiyyətdə ancaq oğlunun adı ilə gündəmə gəlir. Bilmirəm, atam bununla qürur duymalıdır, yoxsa əzab çəkməlidir”.
Yenicag.az xəbər verir ki, bunu yazar Kəramət Böyükçöl sosial media hesabında paylaşıb.
“İndi atamın Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü təyin edilməsi haqda Prezident sərəncam imzalayıb. Yenə saytlar, sosial şəbəkələr başlayıb ki, Kəramətin atası, Kəramətin atası, Kəramətin atası… Hərə bir söz deyir. Kimi tənqid eləmişəmsə, hamısı deyir ki, Kəramət məni vurduğuna görə prezident atasına vəzifə verdi. Ölkədə nə qədər siyasi partiya varsa, hamısı deyir ki, Kəramət məni tənqid etdi, ona görə atasına vəzifə verdilər. Biri deyir, yox, məni tənqid elədiyinə görə verdilər. O birisi deyir, yox, sən kimsən ki… Məni tənqid elədiyinə görə verdilər. Heç bilmirlər e, Audiovizual nə deməkdir. Efirdə Audiovizual sözünü tələfüz eləyə bilmirlər deyə Kəramətin atasına vəzifə verildi deyirlər. Bunlar da özlərini belə şeylərlə əhəmiyyətli hesab edirlər.
Aşıq Namiq də deyir ki, Kəramət məni vurduğuna görə atasına vəzifə verdilər.
Adam yanıb-tökülür”, – K. Böyükçöl qeyd edib.












