Aşıq Zülfiyyə: “Şəxsiyyətə toxunmaq olmaz, ayıbdır” – VİDEO

Aşıq Zülfiyyə sənət adamlarının efirdə təhqir olunmasına, pərt edilməsinə və şəxsiyyətinin alçaldılmasına qarşı çıxıb.

Yenicag.az-a açıqlama verən sənətçi sərt fikirlər səsləndirib:

“Bu gün sənət adamlarını verilişə çağırıb, onların şəxsiyyətinə toxunurlar. Onlar da verilişi yarımçıq tərk etmək məcburiyyətində qalırlar. Aparıcının ixtiyarı yoxdur ki, verilişinə dəvət etdiyi qonağı təhqir etsin, onu alçaltsın. Heç kimin şəxsiyyətinə toxunmaq olmaz, ayıbdır. Sənət adamı hər yerdə hörmət-izzətlə qarşılanıb, hörmətlə də yola salınıb”.

Özünün də aparıcılıq etdiyini deyən sənətçi hər zaman belə məsələlərdə həssaslıq göstərdiyini deyib:

“Mən də aparıcı kimi efirə çıxıram. Birinci məqsədim o olub ki, verilişimə baxan insanlar qıcıqlanmasın, əsəbiləşməsin. Dedi-qodu, qalmaqaldan uzaq bir verilişlə izləyicilərin qarşısına çıxmaq fikrindəyəm. Bu verilişdə bütün musiqi janrlarını vəhdət halında təqdim edirəm. Rep, meyxana, pop, caz, aşıq musiqisi – fərqi yoxdur, bu janrların ifaçılarını verilişimə dəvət edib, Azərbaycan musiqisinin gözəlliyini izləyicilərimə təqdim etmək istəyirəm”.

Qeyd edək ki, Aşıq Zülfiyyə müğənni oğlu Babək Quluzadə ilə birgə Dünya TV-də “Zülfiyyənin qonaqları” adlı verilişin aparıcısıdır.

Veriliş hər həftənin çərşənbə axşamı günü, saat 23:00-da yayımlanır.

Cəvahir