Avropa Birliyi Serbiyaya maliyyələşdirməni dayandırıb
Avropa İttifaqı (Aİ) məhkəmə sistemindəki siyasətinə görə Serbiya üçün nəzərdə tutulan bütün maliyyələşdirməni dayandırıb.
Yenicag.az-ın xəbərinə görə, bu barədə genişlənmə üzrə avrokomissar Marta Kos məlumat verib.
Belqrad ittifaqa daxil olmasa da, hüquqi islahatların keçirilməsi üçün Aİ-dən qrant və maliyyə almaq hüququna malik idi.
“Hazırda biz inkişaf planı üzrə bütün ödənişləri dayandırmışıq, çünki məhkəmə sistemində yenidən geriləmə müşahidə olunur. Bu düzəldilməyənə qədər ölkə Aİ-nin maliyyə dəstəyini ala bilməyəcək”, – deyə Kos Friburqdakı mətbuat konfransında bildirib.
Serbiya Avropa İttifaqına üzvlüklə bağlı müraciətini 2009-cu ildə təqdim edib. Üzvlüyə namizəd statusunu isə 2012-ci ildə alıb. Serbiya hökumətinin məlumatına görə, 2000-ci ildən bəri respublika Aİ-dən qrant, borc və ya investisiya şəklində 70 milyard avrodan çox vəsait əldə edib.













