!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqının iki ali rəhbəri arasında GƏRGİNLİK: Seçkiöncəsi baş verənlərin PƏRDƏARXASI

!Reklam – Yazi

“6-9 iyun tarixlərində Avropa parlamentinə seçkilər olacaq. Bu seçkilərdə Avropa İttifaqı (Aİ) parlamentinin 720 üzvü, parlamentin sədri, eyni zamanda, komissiya prezidenti, parlamentin rəhbəri və Avropa Şurasının sədri seçiləcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Siyasi təhlilçi Aİ-yə seçkilər fonunda qurum rəhbərləri arasında gedən gərginliklərin pərdəarxası məqamlarına toxunub.

Onun sözlərinə görə, bu baxımdan, hazırkı seçkilər Avropa İttifaqının növbəti illər üçün xarici-daxili siyasətini müəyyən edən əsas hadisələrdən biridir:

“Seçkilər ərəfəsində gündəmdə olan əsas məsələlərdən biri isə qurumun iki ali rəhbəri – Avropa Şurasının prezidenti Şarl Mişellə Avropa Komissiyasının rəhbəri Ursula don fer Leyen arasında olan gərginlikdir. İkisi arasında bir neçə ildir ki, gərginlik baş veməkdədir”.

S. Zahidov düşünür ki, bu gərginliyin əsas səbəblərindən biri kimi ittifaq daxilindəki güc mübarizə göstərilir:

“Biz bilirik ki, Avropa İttifaqının sazişlərinə görə əsas icraedici orqan Avropa Komissiyasıdır. Onun əsas işi üzv dövlətlərin siyasətlərini koordinasiya etmək, eyni zamanda, büdcə məsələləri üzərində nəzarət və ümumi inzibati icraedici işlərdir. Bu baxımdan, Şarl Mişelin öz siyasətinin sərbəst şəkildə həyata keçirilməsində maneə olan ən əsas amil Avropa Komissiyasıdır ki, bu baxımdan, Mişelin komissiyanın başında Ursula fo der Leyeni görmək istəməməsi başa düşüləndir. 2021-ci ildə onlar Ankaraya səfər edəndə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın yanında boş bir yer var idi. Həmin yerdə Şarl Mişel Leyenə imkan verməyərək özü oturdu. Bu da onlar arasında gərginliyin olmasının işarəsi idi”.

“Digər məlumatlara görə, Şarl Mişel növbəti seçkilərdən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissiyasının rəhbəri vəzifəsini hədəfləyib. Hazırda sözügedən postun sahibi Cozep Borreldir. Ondan sonra məhz Şarl Mişel sözügedən posta yiyələnmək istəyir. Əgər Leyen Avropa Komissiyasının rəhbəri postunda vəzifəsini davam edəcəksə, sözsüz ki, Mişelin adıçəkilən posta yiyələnmək ehtimalı daha da çətinləşəcək. Nəzər alsaq ki, Şarl Mişelin Avropa Şurasının prezidenti kimi müddəti dekabrın 1-də bitir və bundan sonra onun səlahiyyət müddəti artırıla bilməz. Şarl Mişelin Avropa İttifaqı daxilində hansısa məsul vəzifədə öz fəaliyyətini davam etdirmək istəməsi isə anlaşılandır”, – deyə o, əlavə edib.

Siyasi təhlilçi diqqətə çatdırıb ki, son bir neçə ayda Şarl Mişelin verdiyi açıqlamalar da iki tərəf arasındakı gərginliyin göstəricisidir:

“Məsələn, ən son bəyanatında o, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin komissiyanı geosiyasi alətə çevirdiyini səsləndirmişdi. Komissiyanın siyasiləşdirildiyini, qərəzli olduğunu bir növ söyləmişdi. Bu da Avropa İttifaqının İsrail-Fələstin məsələsi ilə bağlı olan mövqeyindən irəli gəlir ki, həmin məsələdə də Avropa İttifaqı tam şəkildə rəsmi Təl-Əvivi dəstəklədi”.

Politoloq əmindir ki, Bütün bunların fonunda Şarl Mişelin Ursula fon der Leyeni tənqid etməsi, hətta ən son açıqlaması bir daha onu nümayiş etdirir ki, Avropa İttifaqının iki ən ali rəhbəri arasında gərginlik mövcuddur:

“Əslində, Ursula fon der Leyen Avropa İttifaqı daxilində kifayət qədər nüfuza malikdir. O, həm pandemiya, həm də Ukrayan böhranı məsələsində qurumu daha effektiv idarə etdi. Lakin, bununla belə, İsrail-Fələstin münaqişəsində onun mövqeyi xallarını müəyyən qədər azaltmışdı. Məsələ bundan ibarətdir ki, 2014-ci ildən etibarən, Avropa İttifaqında “spitzenkandidat” sistemi tətbiq olunur. Bu sistem odur ki, hansı partiya ən çox səs qazansa, o partiyanın rəhbəri də avtomatik olaraq Avropa Komissiyasının prezidenti seçilir. Əgər indiki halda “Avropa Xalq Partiyası” yenidən qələbə qazanarsa, – hansı ki bunun baş vermə ehtimalı böyükdür – həmin partiyanın rəhbəri ursula fon der Leyenin komissiyanın prezidenti olaraq qalma ehtimalı yüksəkdir”.

“Burada Şarl Mişelin danışıqlarda aparacağı rol da önəmlidir. Çünki seçkilərdən sonra Şarl Mişel Avropa İttifaqı daxilindəki ali vəzifələrin seçilməsi istiqamətində tərəflər arasında danışıqları həyata keçirən, vasitəçilik edən bir şəxsdir. Onun da müəyyən qədər burada təsiri ola bilər. İstənilən halda, burada əsa rol oynayan faktor “spitzenkandidat” sistemidir. Bu gərginlikdən isə ən çox qurumun özü zərər çəkir. Həm qurumun daxilində effektiv qərarlar vermək çətinləşir, həm də qurumun xarici siyasəti müəyyən baryerlərlə üzləşir. Çünki Şarl Mişel fərqli bir strategiyanı ön plana atırsa, Ursula fon der Leyen isə onun əksi olan fikirləri qabağa atır ki, bu da qurumun effektiv işləməsinə maneçilik törədən əsas amillərdən biridir”, – o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv