Avropa Komissiyası Macarıstanı məhkəməyə verdi
Avropa İttifaqı Komissiyası enerji sahəsindəki mübahisələrin həlli məsələsində Aİ-nin mövqeyinə zidd davrandığı üçün Macarıstanı Avropa Ədalət Məhkəməsinə təqdim edib.
Yenicag.az xəbər verir ki, komissiyanın açıqlamasına görə, 2 sentyabr 2021-ci ildə Aİ Ədalət Məhkəməsi üzv ölkələr arasında investisiya mübahisələrinin Enerji Xartiyası Müqaviləsinə əsasən həllinin qeyri-qanuni olduğunu bəyan edib, lakin Macarıstan bu qərara əməl etməyib və buna görə Aİ qanunvericiliyini pozmaqda ittiham olunur.
2024-cü ilin iyununda Aİ Komissiyası və 26 üzv ölkə birgə bəyanatla məhkəmənin qərarını qəbul etdiklərini bildirsə də, Macarıstan bu qərarın yalnız gələcək mübahisələrə aid olduğunu və Enerji Xartiyasında dəyişiklik baş verərsə, keçərli sayılacağını müdafiə edib.
Enerji Xartiyası Müqaviləsi 1994-cü ildə Lizbonda Rusiya da daxil olmaqla, 50-yə yaxın ölkə və Aİ tərəfindən imzalanmış, enerji sahəsində transsərhəd əməkdaşlıq üçün hüquqi çərçivə yaradır. Aİ isə bu müqavilənin artıq iqlim hədəflərinə uyğun olmadığını əsas gətirərək ondan çıxmaq qərarı verib.