Avropa Parlamenti Azərbaycan əleyhinə “Azərbaycandakı vəziyyət, insan haqları və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı daha bir təxribatçı qətnaməni qəbul edib.
Yenicag.az xəbər verir ki, qətnamə 453 lehinə, 31 əleyhinə, 89 bitərəf olmaqla qəbul olunub.
Qəbul edilmiş qətnamə ilə Avropa Parlamentinin üzvləri Aİ-ni Azərbaycan qazından asılılığa son qoymağa, enerji sektorunda strateji tərəfdaşlığa dair 2022-ci il üçün anlaşma memorandumunu dayandırmağa çağırır.
Avropa Parlamenti həm Ermənistanın, həm də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Avropa Parlamenti 1991-ci il müqaviləsinə uyğun olaraq iki ölkə arasında münasibətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında tənzimlənməsini qətiyyətlə dəstəkləyir.
Qəbul edilmiş qətnamə ilə Avropa Parlamenti vurğulayır ki, regionda kommunikasiyaların bloklanması ilə bağlı problemlər müstəsna olaraq Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməklə həll edilməlidir. Avropa Şurasının deputatları xəbərdarlıq edirlər ki, Ermənistana qarşı istənilən hərbi əməliyyat qəbuledilməzdir və Aİ-Azərbaycan tərəfdaşlığı üçün ciddi nəticələrə səbəb olacaq.
Avropa Sülh Fondundan Ermənistan silahlı qüvvələrinə ayrılan yardımı alqışlayan qətnamədə Ermənistan-Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığının daha da gücləndirilməsi tələb olunur, həmçinin Ermənistana qarşı hər hansı hərbi təcavüz, güc tətbiqi və ya hibrid təhdidlər pislənir.
Avropa İttifaqının Ermənistandakı mülki missiyasının əhəmiyyətini vurğulayan Avropa Parlamenti deputatları missiyanın mandatını artırmağa və uzatmağa çağırıblar.
Qətnamədə demarkasiya prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında əldə edilmiş irəliləyiş alqışlanmaqla yanaşı, Aİ və üzv dövlətlər Azərbaycana hərbi və ya təhlükəsizlik imkanlarının gücləndirilməsinə töhfə verə biləcək hər hansı texniki və maliyyə yardımını dayandırmağa çağırılır.
www.yenicag.az