Avropanın Azərbaycandan gözləntiləri - İQTİSADÇI AÇIQLAYIR
“Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən Zirvə görüşündə əsas müzakirə mövzularından biri logistika və Azərbaycan qazının Qərb ölkələrinə nəqlinin artırılmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, hasilatla bağlı problemlərin olduğunu da bildirib:
“Azərbaycanda qaz hasilatı sürətlə artmır. Ölkənin daxili imkanları ildən-ilə genişlənəcək. Yəni 2030-cu ilə qədər biz daha çox qazı Avropaya satmağa başlayacağıq, amma Qərb bunun daha çox və tez olmasının tərəfdarıdır. Lakin sözügedən problemin də həll yolları var. Türkmənistan qazının Azərbaycan üzərindən Qərbə nəql olunması qismən reallaşıb. Bu, “swap layihəsi” çərçivəsində baş tutur. Belə ki, Türkmənistan qazı İrana satılır, ölkəmiz isə eyni həcmdə qazı rəsmi Tehrandan alır. Hazırkı məqamda bu istiqamətdə qaz nəqli 1.5 milyard kubmetrdir, amma bunun artırılması ilə bağlı ciddi danışıqlar gedir”.
Natiq Cəfərli bildirib ki, hazırda layihə çərçivəsində hasilatın 4-5 milyard kubmetrə çatdırılması üzrə müzakirələr aparılır:
“Azərbaycanın coğrafi imkanları və bu sahədə tutduğu mövqe ölkənin daha böyük enerji qovuşağına çevrilməsinə imkan yaradır. Qonşu ölkələrdən aldığımız qazı Avropaya nəql etmək üçün lazımi infrastruktura sahibik. Bu çərçivədə TANAP və TAP layihələri Avropa üçün vacibdir. Azərbaycanın dəstəyi ilə müxtəlif alternativ vasitələrlə əlavə enerjinin Avropaya çatdırılması mümkündür və bu yöndə müzakirələr aparılır. Kopenhagendəki görüşlərdə də bu məsələlərin müzakirə olunacağı ehtimal oluna bilər”.
Məlik Məlikov