Avstriyada keçən il sentyabrın 29-da baş tutan parlament seçkilərindən sonra hökumət böhranı dərinləşməkdə davam edir. Yeni formatda koalisiya danışıqları bu gün də uğursuzluqla başa çatıb və siyasi qüvvələr arasında ortaq məxrəc əldə etmək mümkün olmayıb.
Yenicag.az xəbər verir ki, Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Herbert Kikl fevralın 12-də dövlət başçısı Aleksander Van der Belleni məlumatlandırıb və hökuməti qurmaq üçün ona verilmiş mandatdan geri çəkilib. Bununla da sağçılar və mərkəzçilər arasında qurulması gözlənilən koalisiya iflasa uğrayıb.
Qeyd edək ki, yanvar ayının 5-də dövlət başçısının mandatı əsasında seçkilərdə 28,8 faiz səslə qalib gələn sağçı radikal Avstriya Azadlıq Partiyası (FPÖ) yeni hökuməti təşkil etmək üçün Avstriya Xalq Partiyası (ÖVP) ilə danışıqlara başladı. Seçkilərdə 26,2 faiz səslə ikinci yer tutan mərkəzçi-mühafizəkar ÖVP daha öncə Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) və Yeni Avstriya və Liberal Forum (NEOS) ilə bir neçə ay davam edən danışıqlar aparıb və yeni ilin ilk günlərində tərəflər arasındakı fikir ayrılığı səbəbilə bu danışıqlar uğursuzluqla nəticələnmişdi.
Bundan sonra seçkilərdə qalib gələn FPÖ ikinci yerdəki ÖVP ilə koalisiya danışıqlarına start verdi və ilk günlərdən mətbuata sızan məlumatlarda danışıqların çətin irəlilədiyi, tərəflərin siyasi baxış və resurs bölgüsündə ciddi fikir ayrılığına sahib olduğu bildirilirdi. Yekun olaraq daxili işlər və maliyyə kimi mühüm nazirliklərin hansı tərəfdaşın səlahiyyət dairəsində olması barədə gərginlik danışıqların dalana dirəndiyini açıq şəkildə nümayiş etdirdi.
FPÖ sədri Herbert Kikl mətbuat açıqlamasında danışıqların pozulmasında qarşı tərəfi günahlandırıb. O, partiyasının danışıqlarda dəfələrlə qarşı tərəfə doğru addım atdığını, lakin ÖVP tərəfindən həlledici mövzularda heç bir güzəştli yanaşma müşahidə olunmadığını qeyd edib.
ÖVP tərəfindən isə bildirilib ki, danışıqlarda ilk mərhələdə birgə hökumət üçün prinsipial şərtlər və öhdəliklər, eləcə də resurs bölgüsü müəyyənləşməli, sonrakı mərhələdə isə məzmun və detal danışıqları baş verməli idi. Lakin prinsipial baza şərtlərinə məhəl qoymayan FPÖ-nün və beş həftə davam edən danışıqlarda H.Kiklin cəmi 7 saat danışıqlar masası arxasında əyləşməsi bu partiyanın yanaşmasını açıq şəkildə ortaya qoyub.
İndi gündəmdə olan əsas sual budur: A.Van der Bellen digər partiyalar arasında koalisiya qurulması variantını nəzərdən keçirəcək, yoxsa ölkədə təkrar parlament seçkilərinin keçirilməsi istiqamətində açıqlama verəcək?/Azertag/
www.yenicag.az