Zaur Bayramlı: "İnanıram ki, türk dünyası vahid ordusunu formalaşdıracaq" - MÜSAHİBƏ
Təxminən 1 ay öncə okeanın o tayında, Vaşinqtonda tarixi bir görüş oldu. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Həmin görüşdə tərəflər Birgə Bəyannamə imzaladılar. Həmçinin həmin görüş çərçivəsində elə həmin tarixdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladılar və nazirlərin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzaladılar. Həmin tarixi günlə bağlı Azərbaycanın siyasi şərhçilərinin fikirləri bəllidir. Bəs, bu tarixi görüş okeanın o tayından necə görünür? Ümumiyyətlə, son proseslər türk dünyası üçün nələr vəd edir? Amerika Birləşmiş Ştatlarında yaşayan diaspor fəalı, siyasi şərhçi Zaur Bayramlının BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində bu və digər suallara cavab tapmağa çalışdıq.
-Zaur bəy, məlum Vaşinqton görüşündən təxminən bir aydan artıq vaxt keçib. Bu müddətdə müxtəlif rəylər, fikirlər və proqnozlar səsləndirilib. Bəs, sizin fikrinizcə bu görüşün ən mühüm məqamı nədən ibarət idi?
-Mənim fikrimcə, politoloqların və siyasi şərhçilərin bu görüşlə bağlı diqqətdən qaçırdıqları əsas məqam odur ki, Birləşmiş Ştatlar Azərbaycanın Ermənistana qarşı haqlı tələbini dəstəklədi. Söhbət nədən gedir? Azərbaycan Ermənistan qarşısında bir əsas tələb qoymuşdu – Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsinin bu ölkənin ali qanununda da öz əksini tapması. Məhz bu tələb ABŞ tərəfindən qəbul edildi və dəstəkləndi. Bildiyiniz kimi, Ermənistanın müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları əksini tapmışdı. Vaşinqtonda əldə edilən razılaşmaya görə, həmin sənəd dəyişdiriləcək və bununla bağlı Ermənistanda referendum keçiriləcək. ABŞ Azərbaycanın bu tələbinə hörmətlə yanaşdı.
-Bunu həm də Donald Tramp hakimiyyətinin Azərbaycana xoş münasibəti kimi də dəyərləndirmək olarmı?
-Əlbəttə. Mən əminəm ki, əgər hazırda ABŞ-da Tramp yox, Bayden administrasiyası olsaydı, Azərbaycanın bu haqlı tələbinə müsbət yanaşılmazdı. Əksinə, Bayden komandası müəyyən vasitələrdən istifadə edərək ölkəmizə qarşı təzyiqləri artırardı ki, Azərbaycanı öz haqlı tələbindən geri çəkdirsinlər.
-Məlum görüşdən sonra Ermənistan hakimiyyətinin mövqeyi necə görünür?
-Vaşinqton görüşündən sonra Ermənistan rəhbərliyinin açıqlamaları, eləcə də Nikol Paşinyanın parlamentdəki çıxışı göstərir ki, onlar referendum keçirməkdə maraqlıdırlar. Bu referendum sənədində Azərbaycanın haqlı tələblərinin öz əksini tapacağı şübhəsizdir.
-Zaur bəy, bilirik ki, siz İrandakı prosesləri də yaxından izləyir, Güney Azərbaycanla bağlı məsələlərdə xüsusi fəallıq göstərirsiniz. Bu kontekstdə son dövrlər qlobal miqyasda baş verən proseslərin İrana təsiri barədə nə düşünürsünüz?
-Tam əminliklə deyirəm ki, hazırda gedən qlobal proseslər İranın xeyrinə yox, əleyhinədir. Heç şübhəsiz ki, bu məqam Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasının xeyrinədir. Çünki İranın fars-molla rejimi mövcud olduğu dövrdə hər zaman türk dünyasına qarşı düşmənçilik siyasəti aparıb. Hesab edirəm ki, Azərbaycan bu tarixi fürsətdən müsbət mənada istifadə etməlidir. Mən bununla onu demək istəyirəm ki, ölkəmiz İranın fars-molla rejiminin Zəngəzur dəhlizinə qarşı sərgilədiyi dağıdıcı mövqeyi beynəlxalq müstəvidə qabartmalıdır. Yəni, göstərməlidir ki, Tehran eyni zamanda regionda əbədi sabitlik və beynəlxalq miqyaslı yeni iqtisadi əməkdaşlıqlara qarşı çıxış edir.
-Amma bir məqam da var ki, Prezident Məsud Pezeşkian və komandası bu məsələdə başqa mövqe sərgiləyir…
-Tamamilə doğrudur. Mən yuxarıdakı suala cavabımda təsadüfən fars-molla rejimi ifadəsini işlətmədim. Yəni, xüsusi olaraq vurğulamaq istərdim ki, Zəngəzur dəhlizinə qarşı müqavimət göstərən məhz İranın fars-molla rejimi, İranın dini rəhbəri Əli Xameneiyə yaxın çevrələrdir. Məhz onlar Zəngəzur dəhlizinə qarşı düşmən mövqe sərgiləyir. Bununla belə, demokratik yolla seçilmiş Prezident Məsud Pezeşkian və onun ətrafı məsələyə daha loyal yanaşır. Onların bəyanatlarında Azərbaycanın haqlı mövqeyinə daha anlayışlı münasibət hiss olunur ki, bu da təqdir olunmalıdır. Onu da deyim ki, fars-molla rejimi kimi qurumlar tarixi baxımdan məhvə məhkumdur. İranda 40 milyonluq türk var və bu amili nəzərə aldıqda demək olar ki, proseslər Azərbaycanın və bütövlükdə türk dünyasının xeyrinə inkişaf edir.
-Bu mənzərə fonunda Türk Dövlətləri Təşkilatının (TDT) qlobal məkandakı rolu necə görünür?
-Artıq heç kim Türk Dövlətləri Təşkilatının qlobal miqyasda artan gücünü inkar edə bilmir. Bu təşkilat getdikcə daha da təşkilatlanır, monolitləşir. Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müşahidəçi statusunda bu qurumda iştirakı, yaxın gələcəkdə isə TDT-yə tamhüquqlu üzv olacağına dair proseslər çox sevindirici və ümidvericidir. Mən inanıram ki, hazırda siyasi və iqtisadi baxımdan güclü bir mərkəzə çevrilən türk dünyası yaxın gələcəkdə öz hərbi blokunu, vahid ordusunu da formalaşdıracaq. Nəticədə, Türk Dövlətləri Təşkilatı, ümumiyyətlə türk dünyası qlobal miqyasda əsas söz sahiblərindən birinə çevriləcək.