Təkamülün sirri tovuzquşu hörümçəklərinin “qaranlıq DNT”sində ola bilər - MARAQLI ARAŞDIRMA
Alimlər Avstraliyanın məşhur tovuzquşu hörümçəklərinin sirli DNT quruluşunu araşdırırlar.
Yenicag.az xəbər verir ki, rəngarəng naxışları və özünəməxsus rəqs hərəkətləri ilə tanınan bu balaca canlıların 100-dən çox növü mövcuddur.
Halbuki əksər heyvanlarda bu rəqəm 5-10 növdən artıq deyil.
Mütəxəssislər hesab edirlər ki, belə müxtəlifliyin səbəbi hələ tam öyrənilməmiş “qaranlıq DNT” ilə bağlı ola bilər. Genetik kodun böyük hissəsini təşkil edən bu bölgələrin funksiyası barədə elmdə kifayət qədər məlumat yoxdur. Araşdırmalar isə göstərir ki, tovuzquşu hörümçəklərinin yeni mühitlərə sürətlə uyğunlaşması və tez bir zamanda fərqli növlərə bölünməsi məhz bu DNT ilə əlaqəlidir.
Erkək tovuzquşu hörümçəkləri parlaq rəngləri və naxışlı qarın hissələri ilə seçilir. Onlar dişiləri cəlb etmək üçün rəngli “kostyum”larınş nümayiş etdirir, ayaqları ilə ritmik səs çıxararaq sanki rəqs edirlər.
Tədqiqatçılar yüzlərlə nümunə üzərində araşdırma aparıb, onların davranış və rənglərini genetik analizlə müqayisə edib.
Tədqiqat hələ ilkin mərhələdə olsa da, nəticələrin həm hörümçəklərin, həm də ümumiyyətlə, canlıların necə bu qədər müxtəlifləşdiyini anlamaqda mühüm rol oynayacağı gözlənilir.
Alimlər hesab edir ki, tovuzquşu hörümçəklərinin “qaranlıq DNT”si Yer üzündəki təkamülün sirrini açacaq əsas açarlardan biri ola bilər.