Avtomobil körpüdən asılı qaldı
Mingəçevirdə Kürün sağ və sol sahillərini birləşdirən körpüdə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 1963-cü il təvəllüdlü Mütəllim Musa oğlu Ağayev “Mercedes” markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yolun hərəkət zolağının əks tərəfinə keçərək körpünün məhəccərinə çırpılıb. Güclü zərbənin təsirindən qoruyucu məhəccər əzilsə də, avtomobil çaya düşməyib. Asılı vəziyyətdə qalan avtomaşın körpünün altından keçən yüksək gərginlikli elektrik xəttinə də toxunub.
Xoşbəxtlikdən hər hansı bir xoşagəlməz hadisə olmayıb. İlkin versiyaya görə, qəza yüksək sürət səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.
(arxiv.az)